Xəbərlər

Ana səhifə / Xəbərlər

Ermənistanın Rusiyadan kritik iqtisadi asılılığı: Qərb bu asılılığı azalda bilərmi?

image
  • 27.11.2023

Regionda gedən hazırkı geo-siyasi proseslər fonunda Ermənistanın Rusiyanın siyasi orbitindən uzaqlaşması və Qərbə inteqrasiyası Rusiya-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı suallar doğurur. Əsas suallardan biri, iqtisadi baxımdan Rusiyadan kritik asılılığın mövcud olduğu şəraitdə Ermənistanın bu məqsədinə nə dərəcədə nail ola biləcəyi ilə bağlıdır. Bu suala cavab tapmaq üçün  Ermənistanın Rusiyadan kritik asılılığının nə səviyyədə olmasını və bu asılılığı azaltmaq üçün Qərbin Ermənistana yardım etmək imkanlarının nə dərəcədə olduğunu müəyyən etmək lazımdır.

Xarici ticarət

Xarici ticarətdə Rusiya Ermənistanın əsas ticarət tərəfdaşıdır. 2023-cü ilin  yanvar-avqust aylarında Ermənistandan Rusiyaya ixrac 2,1 dəfə artaraq 2,3 milyard dollara, idxal isə 16% artaraq 1.9 milyard dollara çatıb. Nəticədə, Rusiyanın xarici ticarət dövriyyəsində payı 35%, ixracda payı 51%, idxalda payı isə 25% təşkil edib. 2022-ci ildə isə Rusiyanın Ermənistanın ticarət dövriyyəsində payı 33.8%, ixracda payı 36.3%, idxalda payı isə 32.2% təşkil etmişdir. Bu isə onu göstərir ki, son illərdə Ermənistanın Rusiyaya ixracı əsaslı şəkildə artmaqda, idxalı isə azalmamaqdadır.  Baxılan dövrdə Aİ-nin Ermənistanın xarici ticarət dövriyyəsində payı 15.8%, idxalda payı 18.5%, ixracda payı isə 11.2% təşkil etmişdir.

2021-ci il ilə müqayisə etsək Rusiyanın Ermənistanın ixracında payı 28.2%-dən 51%-ə qədər artmış, idxalında payı isə 37.3%-dən 25%-ə qədər azalmışdır. Aİ-nin isə əksinə ixracda payı 21.8%-dən 11.2%-ə qədər azalmış, idxalda payı isə olduğu kimi qalmışdır. Bu müqayisədən görürük ki, 2021 və 2023-cü illərdə Rusiya daha çox paya sahib olmaqla əsas ticarət tərəfdaşı olmuşdur. 2021-ci ildə Rusiya idxalda, Aİ isə ixracda daha böyük paya sahib olsa da bu 2023-cü ildə əksinə dəyişmişdir. Buna səbəb Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Ermənistanın sanksiyaya tətbiq edilən məhsulları yenidən ixrac şəklində Rusiyaya satması olmuşdur.

Bu yaxınlarda Ermənistanın iqtisadiyyat Naziri qeyd etmişdir ki, 2023-cü ilk yarısında Ermənistandan Rusiyaya ixrac 215% artmışdır və bu artımın 187%-i yenidən ixrac edilən məhsulların, 28%- isə Ermənistanda istehsal edilən məhsulların payına düşmüşdür.  

Ümumi statistik rəqəmlər onu göstərir ki, Qərb ölkələrinin Ermənistanın xarici ticarətində Rusiyanı əvəz etməsi mümkündür. Lakin, əsas strateji məhsulların idxalında Ermənistanın Rusiyadan böyük asılılığı vardır və bu məhsullar üçün alternativ mənbələrin tapılması asan deyil. Rusiyaya isə yenidən ixrac üçün Ermənistana alternativ ölkə tapmaq çətin deyildir.  

Enerji sektoru

Ermənistanın Rusiyadan ən çox asılı olduğu sahə enerji sektorudur. 2022-ci ildə Ermənistanda elektrik enerjisi istehsalının 70%-i Rusiyanın təmin etdiyi enerji məhsulları ilə həyata keçirilmişdir. Baxılan dövrdə idxal edilən təbii qazın 87.7%-i Rusiyanın, 12.1%-i isə İranın payına düşmüşdür. Maye qaz idxalının isə 90.3%-i Rusiyanın, 9.2%-i İranın payına düşmüşdür. Bu dövrdə Rusiyadan maye qaz idxalının həcmi 4.1 dəfə artdığı halda, İrandan maye qaz idxalı 80.7% azalmışdır. Maye qaz idxalında Rusiyanın payı 2021-ci ildə 26.8% olduğu halda 2022-ci ildə 90%-i ötmüşdür. Bu isə onu göstərir ki, Rusiyanın Ermənistanın enerji təhlükəsizliyində rolu əsaslı şəkildə artmışdır.

Qaz ilə yanaşı Rusiya Ermənistanda həm də benzin və dizelin əsas təminatçısıdır. 2022-ci ildə neft məhsullarının idxalının 76.1%-i Rusiyanın, 10.2%-i İranın, 8.2%-i isə Yunanıstanın payına düşmüşdür. 2023-cü ilin ilk yarısında isə Rusiya 74.3%-lə neft məhsullarının əsas təminatçı olmuşdur. Göründüyü kimi, neft məhsullarının idxalında da Rusiyadan böyük asılılığı mövcuddur.  

Sentyabrın 21-də Rusiya hökuməti ölkədən kommersiya xarakterli benzin və dizel yanacağının ixracına qadağa qoyduqdan sonra Ermənistanda neft məhsullarına olan tələbatın ödənilməsi ilə bağlı təşviş yaranmışdı və bu benzinin qiymətinin 30-40%-ə qədər bahalaşmasına səbəb olmuşdu. Bundan sonra Ermənistan hökuməti oktyabrın əvvəlində Rusiyaya rəsmi şəkildə müraciət edərək 15 min ton benzin və 20 min ton dizel yanacağının alınmasına nail olmuşdu.

Ermənistanın yeganə atom elektrik stansiyası olan Metsamor stansiyası da Rusiyanın Rosatom şirkəti tərəfindən idarə edilir. Stansiyanın fəaliyyəti üçün lazım olan uran da Rusiyadan idxal edilir və stansiyanın radiaktiv tullantılarının emalı da rus şirkəti tərəfindən həyata keçirilir. Ermənistanda istehsal edilən elektrik enerjisinin 35-40%-i bu stansiyanın payına düşür. Stansiyanın istifadə müddəti 2012-ci ildə bitsə də aparılan yeniləmə işləri nəticəsində 2027-ci ilə qədər uzadılıb. Bunun üçün Rusiya tərəfindən Ermənistana 270 milyon dollar kredit, 30 milyon dollar qrant ayrıldı. Yeniləmə işləri Rusiyanın “Atomenerqoremont” şirkəti tərəfindən aparılmışdı. Stansiyanın yenilənməsinə baxmayaraq infrastrukturunun çox köhnə olması (40 il) Ermənistanın enerji təhlükəsizliyi qarşısında dayanan ən böyük çağırışlardan biri hesab edilir.  

Digər strateji məhsulların ticarəti

Ermənistan enerji məhsulları ilə yanaşı digər bır sıra strateji məhsulların idxalında, xüsusilə də qida məhsullarının idxalında da Rusiyadan ciddi şəkildə asıldır. Belə ki, 2022-ci ildə Ermənistanın buğda idxalının 99.9%-i, buğda unu idxalının isə 99.2%-i Rusiyanın payına düşmüşdür. Eyni zamanda, 2022-ci ildə qarğıdalı idxalının da 98.8%-i Rusiyanın payına düşmüşdür. Bundan başqa, Ermənistanın makaron/pasta idxalının 82.2%-i, marqarin yağlarının idxalının 72%-i, çörək və un məmulatlarının isə 66.6%-i Rusiyanın payına düşür. Bu rəqəmlər isə onu göstərir ki, təkcə ümumi ticarət əlaqələrində və enerji sektorunda deyil eyni zamanda Ermənistanın ərzaq təhlükəsizliyinin təmin edilməsində də Rusiya böyük paya sahibdir.

Pul köçürmələri

Ermənistan iqtisadiyyatında Rusiya həm də xaricdən daxil olan pul köçürmələrində də əsas rola malik olan ölkədir. Rusiya-Ukrayna müahribəsi başladıqdan sonra isə Rusiyanın payı pul köçürmələrində daha da artmışdır. Əgər 2021-ci ildə Ermənistana daxil olan pul köçürmələrində Rusiyanın payı 55% idisə, bu göstərici 2022-ci ildə 70%-ə qədər artmışdır. 2022-ci ildə Ermənistana təkcə Rusiyadan 3.6 milyard dollar pul köçürülmüşdür və bu ötən ilin göstəricisi ilə müqayisədə 4 dəfə çoxdur. Onu da qeyd edək ki, Rusiyadan Ermənistana köçürülən pul vəsaitlərinin həcmi Ermənistanın ÜDM-nin 13%-dən yüksəkdir. Bu da Rusiya üçün Ermənistana təsir edə biləcək güclü siyasi və iqtisadi rıçaq formalaşdırır.  

Investisiyalar

Qeyd edilən istiqamətlər ilə yanaşı Rusiya həm də Ermənistan iqtisadiyyatında əsas investorlardur. Belə ki, Rusiyanın 2022-ci ildə xarici investisiyalarda payı 80%, xarici birbaşa investisiyalarda payı isə 60% səviyyəsində olmuşdur. Maraqlıdır ki, 2022-ci ildə Rusiyadan cəlb edilən investisayların həcmi əvvəlki il ilə müqayisədə kəskin artmışdır. Bu artım səviyyəsi ümumi xarici investisiyalar üzrə 5 dəfə, birbaşa xarici investisiyalar üzrə isə 3 dəfədən çox olmuşdur.

Strateji əhəmiyyətə malik dövlət şirkətləri

Qeyd edilən istiqamətlərdə mövcud olan asılılıq ilə yanaşı Rusiyanın özəl və dövlət şirkətləri Ermənistan iqtisadiyyatının bütün əsas sahələrində mövcud olan şirkətlərdə böyük paya sahibdirlər. Məsələn, Ermənistanda qaz təminatı və satışı ilə məşğul olan Qazprom Ermənistan tam olaraq Rusiyanın Qazprom şirkətinə məxsusdur. Qazprom Ermənsitan ölkənin ikinci ən böyük vergi ödəyicisidir. Ermənistanda elektrik enerjisinin paylanmasını həyata keçirən Ermənistan Elektrik Şəbəkələri (EEŞ) Rusiyanın Taşhir Qrup şirkətinə məxsusdur. EEŞ Ermənistanda ən çox içşi qüvvəsini özündə cəmləmiş şirkətdir və 985 minə qədər müştərisi vardır.

Bundan başqa, Ermənistanın dəmir yolları şirkəti olan Cənubi Qafqaz Dəmiryolu da tam olaraq Rusiya Dəmir Yolları dövlət şirkətinə məxsusdur. 2008-ci ildə bu şirkətin Rusiya Dəmir Yollarına 100%-lik transferinin  həyata keçirilməsi üçün müqavilə (30 illik) imzalamışdır. Bunlar onu deməyə əsas verir ki, Rusiya Ermənistanın strateji əhəmiyyətli şirkətlərini də tam olaraq idarə edir və bu şirkətlər vasitəsilə Rusiya Ermənistana təsir etmək imkanlarını hər zaman öz əlində saxlayır.

Qərbin iqtisadi baxmdan Rusiyanı əvəz etmək imkanları

Göründüyü kimi Ermənistan iqtisadiyyatı əhəmiyyətli sürətdə Rusiyadan asılıdır. İstər ticarət əlaqələrində, istər enerji sektorunda, istərsə də qida təhlükəsizliyinin təmin edilməsində Rusiya əsas paya sahib olan ölkə kimi çıxış edir və bu asılılıq Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra daha da artmışdır. Ermənistanın siyasi olaraq Rusiyaya qarşı getməsi və ya özünü belə göstərməsi iqtisadi əlaqələrdə özünü əks etdirmir.

Yenidən ixrac edilən məhsulları nəzərə almasaq Ermənistanın Rusiyaya ən çox ixrac etdiyi məhsul kənd təsərrüfatı və qida məhsullarıdır (61%). Bu məhsulların ixracını Qərb ölkələrinə yönəltmək elə də asan deyil. Ona görə ki, Qərbdə bu məhsullara tələb elə böyük deyildir və bu məhsulların istehsalı Avropanın tələblərinə uyğun deyildir. Belə bir keçidin baş verməsi üçün uzun zamana ehtiyac vardır və bu istehsal səviyyəsinin azalmasına, işsizliyin artmasına səbəb ola bilər. Ona görə ki, bu keçidin yükü daha çox regionlarda yaşayan kasıb təbəqənin üzərinə düşəcəkdir.

İdxala gəldikdə isə Ermənistan əsas strateji məhsullarının demək olar ki, hamısını Rusiyadan idxal edir. Bu məhsulların idxal mənbəsinin Qərb ölkələrinə dəyişdirilməsi çox çətindir və bəzən mümkünsüzdür. Məsələn, Ermənistanın əsas qaz təminatçısı Rusiyadır və ikinci qaz idxal etdiyi ölkə İrandır. Əgər Ermənistan Rusiyadan qaz idxalının tam olaraq İranla əvəz etmək istəsə ilk öncə bu fiziki olaraq mümkün olmayacaqdır. Ona görə ki, İranın Ermənistana qaz ixrac etdiyi borunun ölçüsü Ermənistanın bütün tələbatını ödəyəcək qədər böyük deyildir. Yeni borunun tikilməsi isə relyeflə əlaqədar olaraq böyük həcmdə investisiya və uzun zaman tələb edəcəkdir. Eyni zamanda bu məsələ ilə bağlı siyasi ziddiyyətlər də formalaşacaqdır. İran Qərbin Ermənistanda möhkəmlənməsinə qarşıdır və bu prosesdə iştirak etməz. Qərb də öz növbəsində nüfuzunu artırmaq istədiyi Ermənistanın enerji təhlükəsizliyi məsələsində İrandan asılı qalmağını istəməz. Başqa istiqamətdən isə Qərbin Ermənistana fiziki olaraq qaz ixrac etmək imkanı yoxdur. Burada yeganə alternativ kimi Azərbaycanın enerji ehtiyatları çıxış edə bilər.

Ermənistanın digər əsas enerji mənbəyi olan Metsamor stansiyasına gəldikdə isə onun tam olaraq Rusiyanın nəzarətindən çıxarılması qeyri-mümkün olmaqla yanaşı Aİ onun fəaliyyətinin təhlükəsizlik səbəbilə dayandırılmasını vacib hesab edir (2026-cı ilə qədər). Ona görə də Aİ, stansiyaya nəzarətin ələ keçirilməsində deyil, onun bağlanmasında maraqlıdır. Stansiyanın bağlanması isə Ermənistanda ciddi enerji böhranı yarada bilər.

2022-ci ildə ABŞ və Ermənistan Mülki Nüvə Əməkdaşlığı üzrə memorandumu imzalamışdır. Eyni zamanda iddia edilir ki ABŞ Metsamorun fəaliyyəti ilə bağlı Ermənistana bütün lazımi texniki dəstəyi göstərə bilər. Belə firkirlər səsləndirilsə də real olaraq bunu etmək çox çətindir ona görə ki, stansiyanın idarəetməsi ruslara məxsusdur və stansiyanı yeni standartlara uyğun şəkildə yeniləmək mümkün deyil. Ermənistanın Qərbə real inteqrasiyası Aİ-ə üzvlüyündən keçir və bu proses çərçivəsində Aİ stansiyanın bağlanması ilə bağlı təzyiqləri artıracaqdır.  

Digər vacib məsələ Rusiyadakı erməni miqrantlardır. Bu miqrantlar Rusiyadan çıxarıldığı halda onların eyni formada Qərbdə iş tapa bilmələri mükün deyil. Çünki onlar Qərb ölkələrinin əmək bazarına cavab verən işçi qüvvəsi deyildir. Ona görə də bu işçi qüvvəsinin Ermənistana qayıtması həm ciddi işsizliyə, həm də pul köçürmələrinin azalması ilə maliyyə problemlərinə yol aça bilər.

Digər tərəfdən Rusiyaya qarşı sanksiyalar davam etdikcə yenidən ixrac vasitəsilə daha çox gəlir əldə etmək Ermənistan üçün daha səmərəli olacaqdır və bunun tamamilə dayandırılması xarici ticarət həcmlərinin kəskin şəkildə azalmasına gətirib çıxara bilər ki, bu da ciddi iqtisadi geriləmə formalaşdıra bilər.

Əgər Ermənistan doğrudan da tam olaraq Qərbə inteqrasiya etmək istəyirsə o zaman həm də Ermənistan-Rusiya münasibətlərində institusional dəyişikliklər baş verməlidir.  Ancaq bu proses müşahidə edilmir. Ermənistan hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), Müstəqil Dövlətlər Birliyinin, Avrasiya İqtisadi Birliyinin (AİB) üzvü olmaqda davam edir.

Onu da nəzərə almaq lazımdır ki, Ermənistanın hərbi olaraq Rusiyadan uzaqlaşıb iqtisadi baxımdan Rusiyaya bağlı qalması da mümkün deyildir. Məsələn, əgər Ermənistan KTMT-dən ayrılarsa o zaman ona iqtisadi baxımdan böyük fayda verən AİB-in üzvü olaraq qalması siyasi olaraq qeyri-mümkündür. Ona görə də Ermənistan Rusiyanın təsir dairəsindən çıxmaq istəyirsə bunu həm siyasi, həm hərbi, həm də iqtisadi baxımdan etməyə məcburdur.  

Bütün bunlar onu göstərir ki, Ermənistanın Qərbə inteqrasiya etməsi və bu yolu seçməsi ilə bağlı səsləndirilən fikirlər sadəcə olaraq fikir kimi qalmaqdadır. Real olaraq istər iqtisadi baxımdan, istərsə də institusional baxımdan ciddi bir addım atılmamışdır. Ümumiyyətlə, Ermənsitanın Rusiyadan tam olaraq uzaqlaşması hazırkı şəraitdə qeyri-mümkündür və Qərb də bununla bağlı Ermənistana hərtərəfli dəstək vermək imkanlarına malik deyildir.