Ermənistanda 2026-cı ilin iyun ayının 7-də keçirilməsi planlaşdırılan parlament seçkiləri, 2018-ci ildə baş verən Məxməri İnqilabdan bəri növbədənkənar keçirilməyən ilk parlament seçkisi olacaq. Ermənistan tarixinin ən vacib seçkisi olaraq qiymətləndirilən bu seçkiyə region ölkələri ilə yanaşı, Rusiya, Türkiyə, Aİ, İran və ABŞ-nin də böyük marağı var. Bu səbəbdən də, bir çoxları bu seçkini “Geosiyasi seçki” adlandırır.
Bu səbəbdəndir ki, həm Rusiyada, həm də Aİ-də bu seçkiyə ciddi hazırlıq gedir. Belə ki, aprel ayının 1-də Moskvada keçirilən görüşdə Putin Paşinyana açıq şəkildə bildirmişdi ki, Ermənistanda Rusiyayönlü mövqeyə malik bir çox siyasi qüvvə var və Rusiya onların seçkilər zamanı bu daxili siyasi tədbirdə iştirak edə bilmələrini istəyir. Təbii ki, Rusiyanın Ermənistandakı seçkilərlə bağlı fəaliyyəti təkcə xahişdən ibarət deyil. Rusiya qonşu ölkələrdəki seçkilərə müdaxilə təcrübəsini Ermənistanda da istifadə etməyə çalışacaq.
Bu səbəbdən də Avropa İttifaqı Ermənistana bu istiqamətdə yardım göstərməyə başlayıb. Belə ki, Avropa İttifaqı hələ 2025-ci ilin dekabr ayında Ermənistana seçkilərdən əvvəl Rusiyanın dezinformasiyasının qarşısını almaq üçün 12 milyon avro (təxminən 13,8 milyon dollar) ayırmağa hazırlaşdığını açıqlamışdı.
Bu ilin mart-aprel aylarında Ermənistana səfər edəcək 9-14 nəfərlik ekspert qrupunun Ermənistanın Baş nazirinin ofisinə və Təhlükəsizlik Şurasına böhranların idarə olunması ilə bağlı məsləhətlər verməsi, eləcə də kiber təhlükələr və xarici müdaxilə, informasiya manipulyasiyası kimi riskləri nəzərə alaraq gələcək böhranların idarə olunması üçün qaydaların hazırlanmasına kömək etməsi nəzərdə tutulur. Mərkəzi Seçki Komissiyası, Daxili İşlər Nazirliyi və vergi orqanları da bu prosesdə iştirak edəcək.
1. Seçki qaydaları
Aşağıdakı siyahıda Ermənistanda keçiriləcək seçkiyə dair vacib qaydalar, həmçinin 2021-ci ildən fərqli olaraq 2026-cı ildə keçiriləcək seçkilərdə bir sıra texniki yeniliklər əks olunub.
Sabit parlament çoxluğu Ermənistan Seçki Məcəlləsinin ən ziddiyətli müddəalarından biri hesab edilə bilər. Bu müddəa 2015-ci ildə Ermənistanın Parlamentli respublika modelinə keçidi zamanı konstitutsiyaya əlavə edilib. Müəlliflər iddia edir di ki, faktiki müharibə vəziyyətində olan bir ölkədə heç bir siyasi partiyanın və ya blokun hökumət qura bilmədiyi seçkilər təhlükəlidir. Bu səbəbdən də sabit parlament çoxluğu müddəası qəbul edilib. Onu da qeyd etmək lazımdır ki, Nikol Paşinyan hələ müxalifətdə olduğu dönəmdən etibarən bu müddəanı tənqid etsə də, dəyişməyə tələsmir. O, növbəti Konstitutsiya dəyişikliyində bu müddəanın ləğv ediləcəyinə söz verib. Beləliklə də, sabit parlament çoxluğu müddəası 7 iyun seçkilərində qüvvədə olacaq.
Sabit parlament çoxluğu prinsipinə əsasən, əgər birinci turdan sonra partiya və bloklar səslərin çoxluğunu (52%) əldə edə bilməsə və 6 gün ərzində koalisya danışıqları uğursuz olsa, səsvermənin birinci turundan sonrakı 28-ci gündə ikinci tur seçki keçirilir. İkinci tur sırf parlamentdəki səs çoxluğunu müəyyən etmək məqsədi daşıyır. Burada yalnız ilk turda ən çox səs toplayan iki partiya və ya blok iştirak edir, lakin bu zaman ilk turun nəticələri ləğv edilmir, qüvvədə qalır. Belə ki, yekunda məhz ilk turun nəticələri əsas götürülür, yalnız ikinci turda qalib gələn partiyanın səs faizi 52-ə çatdırılaraq onun parlament çoxluğu təmin edilir.
Ermənistanın seçki sistemində parlamentdəki yerlərin sayı sabit deyil. Mandat bölgüsü isə kifayət qədər mürəkkəbdir və 3 mərhələdən keçir. Bu səbəbdən partiyanın aldığı səs faizi ilə qazandığı mandatın faizi eyni deyil. Sistem kifayət qədər mürəkkəb olduğundan, 2021-ci il seçkilərindəki real rəqəmlərdən istifadə edərək mandat bölgüsü mərhələlərini izah edəcəyik. Nəzərə alaq ki, 2021-ci il seçkilərində Parlamentə 3 partiya və ya blok daxil olub. Vanetsyanın rəhbərlik etdiyi Şərəfim Var Alyansı qanunun minimum 3 partiya və ya blok tələbinə görə parlamentə düşə bilib. Əks halda, o zamankı minimum tələb olan 7%-dən az səs yığdığı üçün parlamentə düşə bilməzdi.
Mərhələlər
1) Seçki həddi;
2) Etnik azlıqların bonus yerləri;
3) Effektiv müxalifət düzəlişi.
Birinci mərhələ olan seçki həddinin tətbiqi ilə partiyanın qazandığı mandat sayının faizi topladığı səs faizini üstələyir.
Düstur
Partiyanın topladığı səs sayı 101-ə vurulur və alınan rəqəm üç partiyanın səslərinin cəminə bölünür. Gəlin bu düstura Vətəndaş Müqaviləsinin nümunəsində nəzərə salaq:
688 761 x 101 = 69 564 861
688 761 + 268 300 + 66 650 = 1 024 892
69 564 861 / 1 024 892 = 68 mandat
İkinci və üçüncü yeri tutan partiyanın da mandat sayı eynilə bu düsturla müəyyən edilir.

Qeyd: Rəqəmlər 2021-ci il parlament seçkilərinin real nəticələrini əks etdirir
İkinci mərhələ - Ermənistanda 4 etnik qrupa parlamentdə təmsil olunmaq hüququ verilir. Etnik qrupların təmsilçiləri üçün ayrılan 4 bonus yerinin bölgüsü birinci mərhələdən sonra baş tutur. Bu prosesin özü də 4 alt mərhələdən ibarətdir.
Düstür
EAM= PMS / (ƏMS + 1)
Etnik azlıqlar üçün mandat - EAM
Partiyaların mandat sayı - PMS
Əldə edilən mandat sayı - ƏMS
Birinci alt mərhələdə hər üç partiya üçün mandat sayı 1-ə bölünür və ən yüksək rəqəmə malik partiya əlavə bir etnik mandat qazanır. İkinci, üçüncü və dördüncü alt mərhələlərdə isə mandat sayı 1-in üzərinə əvvəlki alt mərhələdə əldə edilən etnik mandat sayı da əlavə edilərək bölünür. Bölünmədən sonra ən yüksək rəqəmi olan partiya həmin mərhələdə etnik azlıq üçün 1 mandat ala bilir.

Qeyd: Rəqəmlər 2021-ci il parlament seçkilərinin real nəticələrini əks etdirir
Cədvəldən də göründüyü kimi, 1, 2, və 4-cü alt mərhələlərdə Nikol Paşinyanın partiyası daha yüksək rəqəmə malik olduğu üçün 4 etnik azlıq mandatından 2-nü qazanmağa müvəffəq olub. Beləliklə 2021-ci il seçkisindən sonra Vətəndaş Müqaviləsi partiyasının yerlərinin sayı 68-dən 71-ə yüksəlib. Ermənistan Alyansı isə yalnız 3-cü alt mərhələdə üstünlük qazandığı üçün cəmi bir etnik azlıq mandatı alıb və parlamentdəki yerlərinin sayını 26-dan 27-ə çatdırıb.
Üçüncü mərhələ - effektiv müxalifət düzəlişi o halda edilir ki, hakim partiya parlamentdə mandatın üçdə ikisindən çoxuna sahib olsun. Bu zaman, hakim partiyanın mandat faizini üçdə iki hədd olan 66.667% etmək üçün, əlavə mandat yerləri açılır. Üçüncü mərhələyə kimi, Vətəndaş Müqaviləsi partiyası 105 mandatdan 71-ə sahib olduğu üçün müxalifətə iki yeni mandat yeri verilib. Bu mandat yerləri də, öz növbəsində riyazi düstürla hesablanır.
Düstur
Düstura görə partiyanın mandat sayı əlavə edilən mandat sayına (bu vəziyyətdə 2 mandat sayı əlavə edilib) vurulur və bu rəqəm müxalifətin ümumi mandat sayına bölünür. Ən yüksək rəqəm əlavə mandatları götürür.
27x2=54:34=1,58
7x2=14:34=0,41
2021-ci il nümunəsində hakim partiyadan əlavə 2 partiya var idi. Bu iki mandatın hər ikisi Ermənistan Alyansına verilib və bununla da, Alyansın parlamentdəki yerlərinin sayı 27-dən 29-a yüksəlib.
Beləliklə də, hər üç mərhələdən sonra mandat bölgüsü aşağıdakı kimi olub:

Qeyd: Rəqəmlər 2021-ci il parlament seçkilərinin real nəticələrini əks etdirir
2. Namizədlər
Nikol Paşinyan
Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi partiyası bu seçkiyə sülh devizi ilə gedir. Partiyanın seçkilərdəki əsas məqsədi, qalib gəlmək və mümkünsə parlamentdəki yerlərin üçdə iki hissəsini almaqla konstitusional çoxluğu əldə etməkdir. Belə ki, konstitusional çoxluq ona referendum çağırmaq və bir sıra konstitusional dəyişiklikləri etmək imkanı verir. Nikol Paşinyanın niyyəti tez bir zamanda Azərbaycanla sülh müqaviləsini imzalamaq və Türkiyə ilə münasibətləri normallaşdıraraq, ölkənin Rusiyadan asılılığını və Qərbə inteqrasiyasını sürətləndirməkdir.
Samvel Karapetyan
1965-ci ildə Ermənistanın Taşir şəhərində anadan olan, hazırda Güclü Ermənistan partiyasının sədri Samvel Karapetyan növbəti seçkilərdə Nikol Paşinyanın ən ciddi rəqibi hesab olunur. Ermənistan, Rusiya, Kipr vətəndaşlığı olan və sərvətini Rusiyada qazanan Karapetyan ciddi rəqib olsa da, hüquqi olaraq seçkilərdə iştirak etmək imkanı yoxdur. Belə ki, Ermənistan Konstitusiyasına görə, yalnız 25 yaşına çatmış, son dörd il ərzində ancaq Ermənistan Respublikasının vətəndaşı olmuş, son dörd il ərzində Ermənistan Respublikasında daimi yaşamış, səsvermə hüququna malik və erməni dilini bilən şəxslər Parlamentə üzv seçilə bilər. Eyni tələb hökümət üzvləri üçün də keçərlidir. Bu tələblərə cavab verməyən Samvel Karapetyan parlament seçkilərində namizəd ola bilməz. Karapetyanın qardaşı oğlu Narek Karapetyan iddia edir ki, partiyası parlamentdə konstitutsional çoxluq əldə etdiyi halda Samvelin baş nazir olmasına maneə olan konstitutsiya maddəsini parlamentdə dəyişdirərək əmisinin hökumət başçısı seçilməsini təmin edəcək. Samvel Karapetyan da bu istiqamətdə addımlar atmağa başlayıb və bəyan edib ki, o, həm Rusiya, həm də Kipr vətəndaşlığından imtina edəcək. Lakin qeyd etmək lazımdır ki, xüsusilə Rusiya vətəndaşlığından imtina etmək 6-9 ay çəkən bir prosesdir. Sorğuların nəticələrinə baxsaq, bu ssenari, yəni Karapetyanın partiyasının parlamentdəki yerlərin üçdə ikisini qazanması real görünmür.
Onu da əlavə etmək lazımdır ki, aprel ayının 9-da Güclü Ermənistan partiyasının yaydığı siyahıya məhz Narek Karapetyan rəhbərlik edir. Texniki olaraq partiya seçkilərdə qalib gəlsə Samvel Karapetyan ölkəni Narekin vasitəsilə idarə edə bilər.
Xatırladaq ki, 2025-ci ilin iyun ayında vergidən yayınma, mənimsəmə, çirkli pulların yuyulması, hüquqi şəxs vasitəsilə qanunsuz fəaliyyət, hakimiyyəti ələ keçirmək və konstitusiya quruluşunu zorla devirmək üçün açıq çağırışlar ittihamı ilə həbs edilən Samvel Karapetyan 2026-cı ilin yanvar ayından etibarən ev dustaqlığındadır. Bu səbəbdən də, partiyanın 2026-cı ilin 12 aprel tarixində keçirilən ilk mitinqində Samvel Karapetyan video müraciət ilə seçicilərə öz mesajını çatdırıb. Son günlərdə Samvel Karapetyanın partiyasının 10-dan çox üzvü seçicilərə rüşvət paylama ittihamı ilə həbs edilib. Həbs olunanların köməyə ehtiyacı olan şəxsləri partiyanın ofisinə dəvət edərək, onları maddi maraq qarşılığında ətraflarında olan insanları Karapetyana səs verməyə təşviq etməyi təklif etdikləri bildirilir.
Əgər seçkilərdə Karapetyanın partiyası 4%-lik bəndi aşa bilsə, çox güman ki, digər rusmeyilli qüvvələrlə ittifaq quracaq. Bu siyahıya seçki həddini aşacaqları təqdirdə Robert Koçaryanın Ermənistan Alyansı və Qagik Tsarukyanın Çiçəklənən Ermənistan partiyası daxildir. Bununla belə, bəzi qərbyönümlü partiyalar da Karapetyanla ittifaqı istisna etmir. Buraya İrəvanın keçmiş meri Hayk Marutyan və Ermənistanın sabiq prezidenti Levon Ter Petrosyanın partiyası daxildir.
Robert Koçaryan
2021-ci ildə olduğu kimi, bu dəfə də Robert Koçaryan seçkilərdə Ermənistan Alyansı adı altında Daşnaksutyun və “Aradj” (İrəli) partiyası ilə birgə iştirak edəcək. Alyansın Baş nazir postuna namizədi Koçaryan özüdür. Qeyd edək ki, “Aradj” partiyası 2025-ci ilin 11 noyabr tarixində Armavir regionunun Vagarşapat (Eçmiədzin) şəhərində keçirilən seçkilərdə səslərin 31%-ni qazanmağa müvəffəq olub. Lakin, hakim partiya həmin seçkidə 48.5% səs toplayaraq qələbə qazanıb.
Azərbaycan ictimaiyyətinə kifayət qədər yaxşı tanış olan Koçaryanın parlamentə düşmə ehtimalı seçkiöncəsi sorğulara əsasən, heç də az deyil. Qeyd edək ki, Ermənistan Alyansı üç partiya ilə seçkilərə qatıldığı üçün səslərin minimum 8%-ni qazanmalıdır ki, parlamentə daxil ola bilsin. Artıq partiyanın ilk 30 nəfərlik namizəd siyahısı hazırdır və burada Robert Koçaryan, oğlu Levon Koçaryan və İşxan Sağatelyan kimi şəxslər ilk sıralarda yer alır.
Parlamentə düşəcəkləri təqdirdə Robert Koçaryanın, Samvel Karapetyan və Qagik Tsarukyanla birgə ittifaqa girəcəyi heç bir şübhə doğurmur. Maraqlı bir məqam var ki, sorğuların nəticələrinə görə, Samvel Karapetyan elə Koçaryanın seçicilərini oğurlayır. Təbii ki, Samvel Karapetyanla birgə əməkdaşlığa hazır olan partiyalarla da əməkdaşlıq istisna edilmir. Onu da bildirək ki, Karapetyan-Koçaryan əlaqələri uzun illərdir davam edir və 2020-ci ilin iyununda Koçaryanın həbsdən buraxılması üçün tələb olunan 4.1 milyon ABŞ dollarını ödəyən dörd rusiyalı biznesmendən biri elə məhz Samvel Karapetyan idi.
Qeyd edək ki, Ermənistan Alyansının seçki proqramı hələ hazır deyil. Alyans, vətəndaşları saytda yerləşdirilən sorğuda iştirak etməklə, seçki proqramını birgə hazırlamağa çağırır.
Qagik Tsarukyan
2004-cü ildən Çiçəklənən Ermənistan partiyasının sədri olan Qagik Tsarukyan Ermənistanın ən varlı adamlarından biridir. Tsarukyanın partiyası üzərində daim Robert Koçaryan kölgəsi hiss edilib. Belə ki, erməni ictimaiyyətində belə təsəvvür var ki, bu partiya Koçaryanın təşəbbüsü ilə yaradılıb və elə bu partiyanı idarə edən də Robert Koçaryandır.
Tsarukyan ölkədə mesanat kimi də tanınır və qurduğu bizneslərdə on minlərlə erməni vətəndaşı çalışır. Tsarukyan 2021-ci il seçkilərində 3.9% səs toplayaraq parlamentə düşə bilməyib. 2026-cı il seçkilərində şansının yüksək olduğunu iddia edən Tsarukyan “Ermənistan üçün Təklif” adlı təşəbbüsü ilə ölkənin iqtisadi, siyasi və sosial həyatına dair təkliflər toplusunu Ermənistanın müxtəlif rayon və kəndlərinə səfər edərək əhaliyə təqdim edir.
Ümumilikdə ruspərəst hesab edilən Tsarukyanın qərbə inteqrasiyaya da birmənalı yanaşmadığı bilinir. Hazırda Ermənistanda ekspertlərin fikrincə, müxalifətin qalib gəlməsinin yeganə yolu Koçaryan, Karapetyan və Tsarukyanın parlamentə düşərək koalisiya yaratmasıdır. Belə ki, ötən il keçirilən Gümrü və Parakardakı yerli seçkilərdə müxalifət bir neçə partiya ilə seçkiyə gedərək qələbə qazanmağı bacarıb.
2026-cı ilin ilk üç ayında keçirilən sorğulara görə, Tsarukyanın partiyası 2-6 % arası səs toplaya bilər. Nəzərə alsaq ki, partiyalar üçün minimum tələb 4%-dir, əlində geniş iqtisadi imkanları olan Tsarukyanın parlamentə daxil olma ehtimalı artır.
Levon Zurabyan
Ermənistanın birinci prezidenti Levon Ter Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi partiyası bu seçkidə uzun illər partiyanın sədr müavini olmuş Levon Zurabyanın namizədliyini irəli sürüb.
Hakimiyyəti illərində Azərbaycanla Qarabağ münaqişəsinin sülh yolu ilə həllini təbliğ edən və Türkiyə ilə sərhədlərin açılmasının vacibliyini vurğulayan Ter Petrosyanın partiyası son vaxtlar fərqli mövqe sərgiləyir. Belə ki, Levon Zurabyan çıxışlarında açıq şəkildə bəyan edir ki, Azadlıq Bəyannaməsi (Azərbaycanın Ermənistan Konstitutsiyasından çıxarılmasını tələb etdiyi Bəyannamə) ilə Erməni Qriqoryan Kilsəsi Ermənistan müstəqilliyinin təməlidir və onlar bu təməli qoruyacaq sülhə nail olmaq istəyirlər. Zurabyan onu da əlavə edir ki, Ermənistan Konstitutsiyası, milli simvollar, tarixşünaslıq Ermənistanın daxili məsələsidir və heç kəs buna müdaxilə edə bilməz. Təbii ki, Zurabyan burada Azərbaycanın Konstitusiya dəyişikliyi tələbinə və Ermənistanda sərhədkeçmə zamanı pasportlara vurulan möhürlərdən Ağrı dağının təsvirinin çıxarılmasına işarə edir, partiyanın bu tələblərin əleyhinə olduğunu bəyan edir.
Eyni zamanda Zurabyanın seçki vaxtı və seçkidən sonra Samvel Karapetyan və digər siyasi qüvvələrlə əməkdaşlığa hazır olması, partiya xəttinin dəyişdiyini deməyə əsas verir. Xatırladaq ki, ötən il Levon Ter Petrosyan öz evində Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin ilə mütəmadi şəkildə görüşlər keçirib.
Bütün bunlar onu deməyə əsas verir ki, Erməni Milli Konqresinin 4%-lik seçki həddini keçməsi rusmeyilli qüvvələrin möhkəmlənməsinə töhvə verə bilər.
Partiyanın 2021-ci ildəki seçkilərdə namizədi olan Levon Ter-Petrosyan seçicilərin cəmi 1.5 % səsini toplamağı bacarıb. 2026-ci il ərzində keçirilən üç sorğunun heç birində Erməni Milli Konqresi sorğuya əlavə edilməyib. Partiyanın bu seçkidə uğur qazanma ehtimalı reallıqdan uzaqdır.
Hayk Marutyan
Ermənistan ictimaiyyətində aktyor kimi tanınan və 2018-2021-ci illərdə İrəvan meri olan Hayk Marutyan 7 iyun seçkilərində özünün Yeni Güc partiyası ilə iştirak edəcək. 2021-ci ildən Paşinyana müxalif olan, 2023-cü il İrəvan mer seçkilərində səslərin 18%-ni toplamağı bacaran Marutyanın bu seçkidə də şansı çox azdır. Marutyan açıq şəkildə nə hakim partiya ilə, nə də Robert Koçaryanla əməkdaşlıq etməyəcəyini bəyan edib. Samvel Karapetyanla isə yalnız ölkənin xarici siyasət vektoru ilə bağlı razılığa gələcəkləri təqdirdə əməkdaşlıq edə biləcəyini açıqlayıb. Marukyan iddia edir ki, onun partiyası Ermənistanın inkişafını Avropa istiqamətində görür və əgər bu mövzuda Karapetyanla razılığa gələ bilərsə, onunla hər hansı bir ittifaqı mümkündür.
Maliyyə imkanları və İrəvandan kənarda sosial bazası zəif olan Marutyan, son vaxtlar daha çox sosial şəbəkələrdə Nikol Paşinyanın paylaşdığı videolara öz videosunu əlavə etməklə, gülüş doğuran məzmunlar hazırlamaqla məşğuldur. Marutyanın bütün fəaliyyəti demək olar ki, sosial şəbəkələrlə məhdudlaşır. Onun da adı, bu il ərzində keçirilən heç bir sorğuda yer almayıb.
Arman Tatoyan
Həm Serj Sarqsyanın həm də Nikol Paşinyanın hakimiyyəti illərində Ermənistan Respublikasının Ombudsmanı vəzifəsini yerinə yetirmiş Arman Tatoyan seçkilərdə Birliyin Qanadı adlı siyasi partiyası ilə iştirak edəcək. Tatoyan bir neçə ay öncə keçmiş prezidentlərə müraciət edərək, seçkidə iştirak etməmələrini xahiş edib. Tatoyan iddia edir ki, onların iştirakı Paşinyanın qələbəsini təmin edir. Özünü xalqın namizədi kimi təqdim edən Tatoyan Karapetyan, Tsarukyan və Koçaryanı Rusiyanın adamı kimi, Nikol Paşinyanı da qərbin və Azərbaycanın seçimi kimi təqdim edir.
Hazırda Ermənistanın müxtəlif bölgələrinə avtobus səyahətləri edən və görüşlər keçirən Tatoyan hər nə qədər özünü neytral və xalqın adamı kimi təqdim etsə də, Sarkisyanın hakimiyyəti illərində Ombudsman kimi fəaliyyətsizliyi, Baqrat Qalstyanın başçılığı altında keçirilən yürüşlərdə iştirakı cəmiyyətdə onunla bağlı müstəqil namizəd imicini yaratmır.
Bir ay öncə də peyk şəkilləri əsasında Azərbaycan ordusunun öz mövqelərini irəliyə çəkdiyini, Ermənistanın isə buna sakit qaldığını iddia etmişdi. Hakim partiya məsələyə dərhal reaksiya verərək, bu xəbəri təkzib edib.
Seçki kompaniyasında daha çox sosial və iqtisadi məsələlərə yer verən Tatoyan xarici siyasətlə bağlı ümumi fikirlər səsləndirir. Tatoyan eyni zamanda Samvel Karapetyanın həbsini qəti şəkildə pisləyir və bu barədə öz sosial şəbəkə hesabında paylaşımlar edir.
Qeyd edək ki, Arman Tatoyanın adı 2026-cı il ərzində keçirilən heç bir sorğuda yer almayıb.
Aram Sarkisyan
Qardaşı Vazgen Sarkisyanın ölümündən sonra Ermənistanın baş naziri postunda qısa müddət çalışmış Aram Sarkisyan Respublika partiyasının namizədi kimi seçkidə iştirak edəcək. 2021-ci il seçkisində səslərin 3.04% toplayan Sarqsyan parlamentə düşə bilməyib. Hazırkı seçkidə Nikol Paşinyana yaxın hesab edilən bəlkə də yeganə namizəd məhz odur. Birmənalı şəkildə anti-rusiya mövqeyi sərgiləyən Sarkisyan Ermənistanın Qərbə inteqrasiyasını dəstəkləyir. 2026-cı ilin ilk üç ayı ərzində keçirilən sorğularda 1-2.5% səs toplayacağı ehtimal olunur. Qeyd etmək lazımdır ki, tək partiyalar üçün keçid faizi 5%-dən 4%-ə endirildiyinə görə, Aram Sarkisyanın parlamentə düşmə ehtimalı müəyyən qədər artıb.
Qurgen Simonyan
1985-ci il təvəllüdlü Qurgen Simonyan son illərə qədər daha çox akademik fəaliyyətlə məşğul olsa da, 2024-cü ildə siyasi kariyerasını başlayıb və 2025-ci ildə Ermənistan Meritokratik Partiyasınının təsis qurultayında partiya sədri seçilib. Qərbmeyilli siyasətçi hesab edilən Simonyan Ermənistanın Avropaya inteqrasiyasını dəstəkləyir və eyni zamanda Ermənistanın Rusiyadan, Moskvanın aktiv olduğu təşkilatlardan uzaqlaşmasını təbliğ edir.
Simonyan açıq şəkildə bəyan edir ki, partiyası nə seçki öncəsi, nə də seçki sonrası Nikol Paşinyan və Robert Koçaryanla əməkdaşlıq etməyəcək. Simonyan çıxışlarında bildirir ki, xarici ölkələrin dəstəklədiyi siyasi güclərlə koalisyaya getməyəcək. Belə başa düşmək olar ki, Karapetyanla da hər hansı bir ittifaq mümkün görünmür. Maliyyə çətinlikləri olan partiyanın seçkidə 4%-lik həddi keçməsi o qədər də inandırıcı deyil. 2026-cı ildə keçirilən üç sorğudan birində Simonyanın adı yer alıb və onun cəmi 1% səs toplayacağı ehtimal olunur.
Qeyd etmək lazımdır ki, Qurgen Simonyan 44 günlük müharibə zamanı könüllü şəkildə Qarabağa gedib və Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib.
Xatırladaq ki, Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan müxalifət daxilində daha da parçalanmanın qarşısını almaq zərurətini əsas gətirərək, Ermənistan Respublikaçılar Partiyasının (ERP) 7 iyun 2026-cı il parlament seçkilərində iştirak etməyəcəyini açıqlayıb.
3. Seçkiöncəsi sorğular
2021-ci ildə keçirilən parlament seçkilərində Ermənistanda seçki qabağı 4-5 ay ərzində təxminən 11 sorğu keçirilib. Ümumi siyahıya nəzər saldıqda aydın olur ki, xüsusilə hakim Vətəndaş Müqaviləsi partiyası seçki günü çox daha yaxşı nəticə göstərə bilib. Builki seçkilərin baş tutmasına təxminən bir ay yarım qalmasına baxmayaraq hələlik yalnız üç sorğu diqqəti cəlb edir.
Bu sorğulardan ən böyüyü Beynəlxalq Respublikaçılar İnstitutun sifarişi ilə 2026-cı ilin fevral-mart aylarında keçirilən sorğudur. Sorğuda təxminən 1500 respondent iştirak edib.
Əsas nəticələr
İkinci böyük sorğu EVN Report tərəfindən 2026-cı ilin fevral ayında 820 nəfərlə keçirilib.
Əsas nəticələr
Üçüncü böyük sorğu da EVN Report tərəfindən 2026-cı ilin aprel ayında həyata keçirilib.
Əsas nəticələr