Xəbərlər

Ana səhifə / Xəbərlər

ABŞ-nin Yeni Milli Təhlükəsizlik Strategiyası və ya yeni dövrün manifesti

image
  • 10.12.2025

2025-ci il noyabrında qəbul edilən ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyası (MTS) bu ölkənin xarici siyasətində “Əvvəlcə Amerika” (America First) prinsipi ilə müəyyən edilən fundamental dönüşü özündə əks etdirən tarixi sənəddir.

“Əvvəlcə Amerika” şüarı ilk dəfə D.Trampın prezidentliyinin birinci dövründə irəli sürülmüşdü, ancaq indiyə qədər bu şüarın xarici siyasətdə məhz necə instrumentallaşdırılacağı, nəyi nəzərdə tutduğu, konseptual bazası və çərçivəsinin nə olduğu işlənib ictimaiyyətə təqdim edilməmişdi. İndiyə qədər Tramp və onun tərəfdarları ABŞ-nin Soyuq Müharibədən sonrakı dövrdə qlobalist xarici siyasətininin iflasa uğradığını göstərərək əvvəlki administrasiyaları tənqid edirdilər, ancaq xarici siyasət strategiyasında konseptual alternativ təqdim edə bilmirdilər.

ABŞ-nin daxili və xarici siyasətində dəyişiklik edilməsi zərurəti və sifarişi cəmiyyət tərəfindən daha əvvəl irəli sürülmüşdü, cəmiyyətin bu sifarişini yaxşı anlayan Obama da 2008-ci il seçkilərində məhz “Dəyişiklik” (Change) şüarı və vədi ilə uğur qazana bilmişdi. Ancaq Obamanın həyata keçirdiyi və ya keçirməyə çalışdığı “Dəyişiklik” fundamental dəyişikliyi deyil, status-kvonu saxlamağa və möhkəmlətməyə yönəlmiş taktiki addımlardan uzağa getmirdi. Ona görə də 2008-ci ildən sonrakı dövrü ABŞ-də ölkənin gələcəyi ilə bağlı konseptual alternativin və ya yeni ideyanın intellektual axtarışı dövrü adlandırmaq olar.

2025-ci il Milli Təhlükəsizlik Strategiyası Soyuq Müharibədən sonrakı onillikləri əhatə edən ABŞ xarici siyasətinə dərin və böyük bir tənqidlə başlayır. Sənəd “məqsəd və vasitələri” birləşdirən praktiki və ardıcıl bir plan kimi təqdim edilir, əvvəlki strategiyaları effektiv olmayan “arzuların siyahısı” (aundry lists of wishes) kimi qiymətləndirir. Sənədə görə, bugünədək yaşanan uğursuzluğun əsas səbəbi elitanın qlobalizmə və sözdə “sərbəst ticarətə” sadiqliyi idi ki, bu da ABŞ-nin qüdrətinin əsaslandığı “orta sinifi və sənaye bazasını zəiflətmiş”, olduqca dağıdıcı nəticələrə gətirib çıxarmışdır. Bundan əlavə, keçmiş administrasiyalar müttəfiqlərin “öz müdafiə xərclərini Amerika xalqının boynuna yükləməsinə” icazə verdiklərinə və suverenliyi beynəlxalq institutlara təslim etdiklərinə görə tənqid olunur.

Bu sənəd “Soyuq Müharibədən sonrakı dövrdə ABŞ-nin xarici siyasətindəki qlobalist konsepsiyanın uğursuzluqlarına təcili düzəliş edilməsini” qarşısına hədəf qoyduğunu iddia edir. Yeni doktrina açıq şəkildə əvvəlki qlobalist elitaların “bütün dünya üzərində daimi Amerika nəzarəti” (permanent American domination of the entire world) məqsədini rədd edir. Bu məqsəd yeni strategiyada “milli resursları tükəndirən, ABŞ-nin sənaye və orta sinif bazasını zəiflədən” “arzuolunmaz və qeyri-mümkün bir məqsəd” (undesirable and impossible goal) kimi qiymətləndirilir. Qeyd edək ki, “bütün dünya üzərində daimi Amerika nəzarəti” ideyasının ABŞ-nin milli maraqları üçün fəsadları bu ölkənin xarici siyasət üzrə müxtəlif nəzəri məktəblərinin ən aparıcı intellektualları tərəfindən (overstreched) son 10-15 ildə ən çox müzakirə edilən mövzudur. Ona görə də bu ideyanın nəhayət əsas strategiya sənədində öz əksini tapması təsadüfi deyil.

2025-ci il Milli Təhlükəsizlik Strategiyası 2022-ci il strategiyasının, eləcə də digər əvvəlki strategiyaların mərkəzi prinsipləri olan “dəyər əsaslı intervensiya və demokratiyanın təşviqinə” (values-based interventionism and democracy promotion) edilən ənənəvi vurğunu milli suverenliyə, sərhəd təhlükəsizliyinə, iqtisadi davamlılığa və ittifaqlarda qarşılıqlı maddi/konkret maraqlara əsaslanan yanaşmaya yönəlmiş fokusla əvəz edir.

Burada ittifaqların qarşılıqlı maddi/konkret maraqlara əsaslanması (a transactional approach to alliances) məsələsinə xüsusi diqqət yetirmək lazımdır. Əvvəllər ABŞ “dəyərlərə əsaslanan” xarici siyasətində coğrafi baxımdan ondan uzaq və ya əhəmiyyətli iqtisadi maraqları olmayan regionlarda bir çox hallarda özünün iqtisadi və geosiyasi maraqlarına zidd xarici siyasətlər yeridir və ittifaqlar qurur, xarici siyasətini “dəyərlərin” əsirinə çevirirdi. Yeni strateji yenidənqurma (strategic reordering) ABŞ-nin qlobal öhdəliklərini və resursların bölgüsünü kökündən üç istiqamətdə dəyişdirəcəyini hədəfləyir:

  • Qərb Yarımkürəsinin prioritetə çevrilməsi: Yeni strategiya Monro Doktrinasına “Tramp Əlavəsini” (Trump Corollary to the Monroe Doctrine) əlavə edərək, Qərb Yarımkürəsini ABŞ təhlükəsizliyi və hərbi mövcudiyyəti üçün əsas coğrafi prioritet kimi təsbit edir və bu ərazini ənənəvi diqqətin cəmləndiyi Hind-Sakit Okeanları hövzəsini və ya Yaxın Şərq regionları ilə əvəz edir. Beləliklə, bu strategiyadan görürük bütün dünyada iqtisadi və siyasi baxımdan mövqelərini itirən ABŞ heç olmasa Qərb Yarımkürəsində Çinin ekspansiyasının qarşısını almağa çalışır.

Xatırladaq ki, yeni dövrdə Çinin qaşısının alınması üçün qlobal strategiya kimi ilk dəfə 2011-ci ildə Obama dövründə “Asiyaya strateji dönüş” (pivot to Asia) irəli sürülmüşdü. Ancaq fakt ondadır ki, ötən müddətdə heç bir ABŞ administrasiyası bütün cəhdlərə baxmayaraq Çinin dünyada artan təsirinin qarşısını almağa nail ola bilmədi.

  • Keçmişin yükündən azad olma (Burden-Sharing and Burden-Shifting): MTS NATO müttəfiqləri üçün “Haaqa Öhdəliyi” (Hague Commitment) adlanan, üzv ölkələrinin müdafiə xərclərini ÜDM-nin 5 faizinə qaldırmağa sadiq olmağa çağırır. 2025-ci il MTS-i ABŞ-nin ənənəvi müttəfiqlərini və beynəlxalq qurumları, xüsusilə də Avropadakıları daha açıq və sərt edir. ÜDM-in 5%-i həcmindəki “Haaqa Öhdəliyi” yeni sənəddə Tramp administrasiyasının 2017-ci il sənədindəki ümumi çağırış ilə müqayisədə daha aqressiv və məcburi tələb kimi qoyulur. Bu tədbir, müttəfiqlərin öz müdafiələri üçün əsas məsuliyyəti öz üzərlərinə götürmələrini məcbur etmək məqsədi daşıyır və ABŞ-nin “dünya nizamını daşıyan “Atlas” roluna” son qoyur.

Xatırladaq ki, qədim yunan mifologiyasında nəhəng Atlas titanların müharibəsində Zevsə məğlub olduğuna görə cəza kimi əbədi olaraq səmanı çiyinlərində saxlamağa məhkum edilmişdi. Yəni, yeni strategiya ilə ABŞ Soyuq Müharibədən sonra ilk dəfə köhnə dünya nizamını öz üzərində saxlamaq yükündən azad etdiyini bəyan edir.

  • Rəqabətin geoiqtisadi çərçivələnməsi: Yeni strategiya Çinin ABŞ-yə artan təhdidini etiraf etsə də, rəqabəti əsasən iqtisadi terminlərlə çərçivələyir, iqtisadiyyatı “son (və ya əsas) mərc” (ultimate stake) elan edir və 2022-ci il strategiyasında qeyd olunan “sistem və dəyər əsaslı münaqişə əvəzinə” “Pekinlə həqiqi qarşılıqlı marağa əsaslanan iqtisadi münasibət” qurmaq niyyətini bəyan edir.

Bu həm də o deməkdir ki, ABŞ Çinlə beynəlxalq rəqabətdə əvvəllər olduğu kimi özünü “ancaq demokratik ölkələrlə ittifaqlar” vasitəsilə məhdudlaşdırmayacağını, bu rəqabətdə istənilən rejimli ölkələrlə əməkdaşlığa hazır olduğunu bəyan edir.

Bayden administrasiyası tərəfindən hazırlanmış əvvəlki 2022-ci il Milli Təhlükəsizlik Strategiyası üç əsas mövzunu vurğulayırdı: Çin və Rusiya ilə strateji rəqabət, daxili sənaye siyasəti və iqlim dəyişikliyinin mərkəzi qlobal problem kimi həlli. Bu strategiya demokratik dəyərlərin, insan hüquqlarının və hüququn aliliyinin müdafiəsinə söykənirdi, həmfikir tərəfdaşlarla eyni mövqedən çıxış edərək geosiyasi rəqiblərlə rəqabət aparmağı qarşısına məqsəd qoymuşdu.

2025-ci il sənədi əvvəlki administrasiyaların “demokratiyanın təşviqi gündəliyinə və hədəfinə” son qoyulduğunu elan edir. 2022-ci il sənədi “avtoritarizmlə qlobal miqyasda mübarizə aparmağı və məsuliyyətli idarəetməni təşviq etməyə” çalışdığı halda, 2025-ci il sənədi ABŞ-nin digər ölkələrlə “tarixi ənənələrinə uyğun olmayan demokratik və ya digər sosial dəyişiklikləri onlara qəbul etdirmədən” (without imposing on them democratic or other social change that differs widely from their traditions and histories) yaxşı münasibətlər axtaracağını bəyan edir. Yeni strategiyaya görə digər ölkələrin xarici siyasət seçimləri indi yalnız “ABŞ-ni daha güclü və firavan etmə işinə töhfələrinə görə qiymətləndirilir”. “Qlobal demokratiya gündəliyindən” imtina etməklə, ABŞ tərəfdaşlarına onlarla münasibətlərdə daxili rejim quruluşlarının deyil, bu münasibətlərin ABŞ-yə konkret maraqlar üzrə nə verəcəyinin əsas olacağını bildirir.

Bu sənədin digər maraqlı məqamı “transmilli gündəliyin rədd” edilməsidir. Əvvəlki 2022-ci il strategiyası iqlim dəyişikliyini, qlobal sağlamlıq təhlükəsizliyini (pandemiya ilə mübarizə səyləri kimi) və korrupsiya ilə üzləşməni köməkçi, lakin həyati milli təhlükəsizlik mövzuları kimi müəyyən etmişdi. 2025-ci il MTS-i isə bunları prioritet kimi nəinki qəbul etmir, həm də açıq şəkildə “fəlakətli iqlim dəyişikliyi və sıfır emissiya ideologiyalarını” rədd edir. Bu, hazırki hökumətin əvvəlki administrasiyanın çoxtərəfli iqlim fəaliyyətinə və sağlamlıq risklərinin beynəlxalq idarə edilməsinə sadiqlik ideyasından geri çəkilməni göstərir.

Yeni strategiyanın unikal məqamlarından biri “milli gücün” əsas sütunları kimi daxili və mədəni ölçülərin təyin edilməsidir. Sənəd qeyd edir ki, “Amerikanın mənəvi və mədəni sağlamlığının bərpası və yenidən canlandırılması” olmadan uzunmüddətli təhlükəsizlik mümkün deyil. Bu, “radikal gender ideologiyasının və “liberal vok” cəfəngiyyatının Silahlı Qüvvələrdən təmizlənməsi” və “dövlət institutlarını alçaldan sözdə müxtəliflik, bərabərlik və inklusivlik (DEI - Diversity Equity and Inclusion) və digər ayrı-seçkilik və anti-rəqabət təcrübələrinin kökünün kəsilməsi” vasitəsi ilə həyata keçiriləcəkdir. Beləliklə, bu sənədi ABŞ-ın yuxarıdan-aşağı anti-liberal mədəni inqilabının manifesti də adlandırmaq olar. Bu cür ideoloji mövqenin ortaya qoyulması yeni doktrinanın “mədəni müdafiəni” hərbi müdafiə ilə ekvivalent vacib bir vəzifə kimi müəyyən edir. Sənəd ABŞ-dəkı bu cür mədəni çevrilişin coğrafiyasını genişləndirmək niyyətini də ortaya qoyur.

Yeni strategiya Avropanın daha dərin sivilizasiya problemlərindən (Civilizational Erasure) də bəhs edir. Sənədə görə bu problem Avropa “qitəsini dəyişdirən və münaqişə yaradan” miqrasiya siyasətlərindən qaynaqlanır. MTS iddia edir ki, suverenliyi zəiflədən transmilli qurumların (Avropa İttifaqı kimi) fəaliyyətləri və siyasətləri qitədə “mədəni kimliyin silinmə”sinə, demoqrafik problemə, milli kimliyin aşınmasına (erosion of national identity) və siyasi azadlıqların məhdudlaşdırılmasına gətirib çıxarır. Sənəd həmçinin müəyyən Avropa hökumətlərini “söz azadlığının senzurası və siyasi müxalifətin təqib edilməsində” də ittiham edir. Yeni strategiyada ABŞ-nin hədəfi Avropanın “mədəni özgüvənini qaytarmağa” kömək etmək məqsədilə “vətənpərvər Avropa partiyalarının artan nüfuzunu” təşviq etmək kimi göstərilir. Bu ifadələr ABŞ müttəfiqlərinə yönəlmiş ideoloji intervensionizmin keyfiyyətcə tamamilə yeni nümunəsini göstərir. Əvvəllər ABŞ xarici siyasətində öz müttəfiqlərinin daxilində, xüsusilə Avropada liberal dəyərlərə əsaslanan siyasi qüvvələri təşviq edirdisə, indi tamamilə əksinə sağ meyilli partiyaların dəstəklənəcəyi bəyan edilir.