Xəbərlər

Ana səhifə / Xəbərlər

ABŞ-Azərbaycan münasibətləri: İmkanlar və risklər

image
  • 20.11.2025

Azərbaycan-ABŞ münasibətlərinin tarixi öz daxili dinamikası ilə inkişaf edib. Müxtəlif dövrlərdə enerji, təhlükəsizlik və terrorla mübarizə, investisiyalar, Rusiya ilə regional rəqabət, NATO-nun Əfqanıstandakı əməliyyatı, Azərbaycanın İranla yaxınlığı, ABŞ-nin ATƏT-in Minsk Qrupunda iştirakı kimi məsələlər Vaşinqtonun Azərbaycana münasibətində prioritetlərə çevrilib. Bu illər ərzində ABŞ-nin Bakıdakı səfirləri arasında sovetoloqlar, türkoloqlar və təhlükəsizlik təcrübəsi olan diplomatlar olub. İndiki mərhələdə ABŞ-nin Azərbaycanda səfiri yoxdur və Vaşinqtonun bu vəzifəyə kimin namizədliyini irəli sürməsi vacib olacaq, çünki ikitərəfli münasibətlərin bugünkü mərhələsi hər birinin öz coğrafi konteksti və strateji məqsədləri olan bir neçə fərqli sahəni əhatə edir.

Trampın prezident seçilməsi ABŞ-Azərbaycan münasibətlərində yeni, daha praqmatik və nəticəyönümlü mərhələ açdı. Tramp administrasiyası ardıcıl olaraq dialoqa açıqlıq, strateji aydınlıq, qarşılıqlı maraq və hörmət əsasında Azərbaycanla əlaqə yaratmaq istəyini nümayiş etdirdi.

Bunun əksinə olaraq, Bayden administrasiyası ilə münasibətlər Azərbaycan üçün xüsusilə çətin idi. Eyni səhvlərin təkrarlanmaması üçün bu çətinliklərin və o dövrdə ABŞ siyasətinin uğursuzluqlarının səbəblərini araşdırmaq vacibdir.

Prezident Baydenin 2021-ci ildən başlayaraq bütün səlahiyyət müddəti müharibədən sonrakı dövrə təsadüf edib, lakin Vaşinqton ardıcıl və aydın siyasət xətti təklif etməyib. Aktiv və balanslaşdırılmış yanaşma əvəzinə, Prezident Bayden bu dosyeni demək olar ki, tamamilə dövlət katibi Blinkenə həvalə edib. Blinkenin bu istiqamətdəki fəaliyyəti isə effektiv olmadı və heç bir əhəmiyyətli nəticə verməyib.

Bu kontekstdə müharibədən sonrakı vəziyyətin ilkin olaraq necə inkişaf etdiyini xatırlamaq vacibdir.

44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycan öz ərazilərini onilliklər boyu davam edən erməni işğalından azad etdi. Hərbi münaşişədən sonra Rusiya Azərbaycanla Ermənistan arasında vasitəçilikdə aparıcı rol oynadı. Rusiya sülhməramlı kontingenti Qarabağda yerləşdirildi və Moskva regional nəqliyyat əlaqələrinin açılması prosesində əsas aktora çevrildi. Bayden-Blinken administrasiyası tam fəaliyyətə başladıqdan sonra, 2021-ci ilin iyununda Azərbaycan ABŞ və Gürcüstanın vasitəçiliyinə razılıq verdi, ABŞ liderliyi öz üzərinə götürdü. Tbilisi Azərbaycan qanunlarını pozduğuna görə saxlanılan və statusu 2020- ci il atəşkəs razılaşması ilə həll olunmayan bir neçə Ermənistan vətəndaşının azad edilməsində vasitəçi kimi çıxış etdi. Bunun müqabilində İrəvan bəzi mina sahələrinin xəritələrini Bakıya təqdim etdi, sonradan bu xəritələrin natamam və effektiv minatəmizləmə işləri üçün yetərli olmadığı ortaya çıxdı.

Bu, Rusiyanın iştirakı olmadan atılan ilk belə addım idi və bununla da Azərbaycan ABŞ-yə vasitəçiliklə məşğul olmaq və nizamlanma prosesinə yeni yanaşma tətbiq etmək imkanı verdi.

Bu hadisələrlə yanaşı, Azərbaycan sülh müqaviləsinin mətni üzərində işləməkdə ABŞ-nın iştirakına razılaşdı və daha sonra ABŞ-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında çoxgünlük danışıqlar aparıldı.

Lakin dövlət katibi Blinkenin Ermənistan mərkəzli yanaşması və prezident Baydenin Azərbaycanın haqlı gözləntilərini anlamaması Bakı ilə Vaşinqton arasında münasibətlərdə böhrana səbəb oldu. Blinkenin manipulyasiya və qərəzli davranışı prosesə xələl gətirdi və ikitərəfli əlaqələri daha da gərginləşdirdi.

Yerdəki faktlardan daha çox ideologiyaya əsaslanan xarici siyasət, erməni lobbi qruplarının təzyiqi və Ukraynaya təcavüzündən sonra Rusiya ilə əlavə gərginlik ABŞ-nin mövqeyini daha da proqnozlaşdırılmaz etdi. Blinkenin başlıca səhvi Bakı qarşısında Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı olan ilkin şərtlər qoyması idi. Onun qeyri-ardıcıllığının bariz nümunəsi Laçın dəhlizi ilə bağlı mövqeyi idi. Burada dövlət katibi Azərbaycanın öz qanuni hüquqlarını bərpa etmək imkanlarını məhdudlaşdırmaq üçün dəhlizin Rusiyanın nəzarətində saxlanmasına faktiki dəstək verirdi. Blinken Azərbaycanın ərazi bütövlüyü məsələsində Rusiyaya güzəştə getdiyi halda, Ukraynanın ərazi bütövlüyü məsələsində Moskvaya hər hansı bir güzəşti istisna edir, Rusiya ilə dialoqdan imtina edirdi.

Məhz Blinken 2023-cü ilin avqustunda Laçın dəhlizi üzərində Rusiyanın nəzarətini qoruyacaq birgə addımları müzakirə etmək üçün amerikalı diplomatları rus diplomatları ilə görüşmək üçün Türkiyəyə göndərdi.

Bu qeyri-ardıcıl və məntiqsiz addımlar ikitərəfli münasibətlərdəki böhranı daha da dərinləşdirdi. Öncəki ABŞ rəhbərliyi bir tərəfdən, Ermənistan mərkəzli yanaşmanı rəhbər tutaraq, İrəvan vasitəsilə bölgədə Rusiyaya qarşı mübarizədən danışır, digər tərəfdən isə sanksiya altındakı malların Rusiyaya təkrar ixracı və idxalı ilə məşğul olan Ermənistan hakimiyyətini dəstəkləyirdilər. Bayden-Blinken dövründə Ermənistanın Rusiyadan asılılığı azalmaq əvəzinə yalnız artdı.

Ermənistanda ictimai əhval-ruhiyyənin yönümünü Rusiyadan Qərbə çevirmək üçün Azərbaycan əslində ABŞ-dən çox şey etdi. Məhz Azərbaycanın Qarabağda və Ermənistan-Azərbaycan sərhəddindəki addımları Paşinyan hökumətinə Rusiyadan ictimai məyusluğu təşviq etmək və Qərb institutlarına inamı artırmaq üçün imkanlar yaratdı. Rusiya qüvvələri Azərbaycan ərazisini vaxtından əvvəl tərk etdi. Məhz bu Ermənistana 2021-ci ildən orada yerləşdirilən Rusiya qoşunlarını Azərbaycanla sərhədindən çıxarmaq üçün şərait yaratdı. İrəvan bu addımı Azərbaycanın birgə sərhəddə heç bir üçüncü tərəf qüvvələrin olmaması təklifindən sonra atdı.

Regionda Rusiyanın mövcudluğunun azalması məhz Azərbaycanın hərəkətləri nəticəsində mümkün oldu. Qərb, yəni ABŞ və Avropa İttifaqı bu hadisələrdə heç bir rol oynamadı.

Bayden-Blinken administrasiyasının adekvat olmamasına və reallıqdan uzaqlaşmasına dair çoxlu nümunələr var. Bir sözlə, Bayden-Blinken administrasiyası 44 günlük müharibənin nəticələrini əhəmiyyətli şəkildə sarsıtdı və bu nəticələrin həyata keçirilməsini bir neçə il uzatdı.

Qeyd edək ki, 44 günlük müharibənin dörd əsas nəticəsi var:

  • Birinci nəticə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasıdır. Bu, tam və qəti şəkildə əldə edilmiş yeganə nəticədir. Bu, bilavasitə Azərbaycanın qətiyyətli, məsuliyyətli və strateji cəhətdən ardıcıl siyasətinin nəticəsidir. Bu, regional mənzərəni əsaslı şəkildə yenidən formalaşdıran tarixi nailiyyətdir.
  • İkinci nəticə Azərbaycan və Ermənistan arasında geridönməz sülhün bərqərar olmasıdır. Bu sözü vurğulamaq xüsusilə vacibdir, çünki yalnız geridönməz sülh sabitliyə təminat verə və keçmiş münaqişələrə qayıdışın qarşısını ala bilər. Bu nəticə üzrə proseslər hələ də davam edir.
  • Üçüncü nəticə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasıdır ki, bu proses də tədricən irəliləyir.
  • Dördüncü nəticə regional kommunikasiyaların açılmasıdır. Bu iş hələ icra mərhələsindədir.

Bu nəticələr bir-biri ilə əlaqəlidir və onların tam reallaşdırılması üçün necə və hansı ardıcıllıqla həyata keçirilməli olduğu aydın şəkildə anlaşılır.

Trampın prezident seçilməsi, daha doğrusu, prezident İlham Əliyevin qeyd etdiyi kimi, Kamala Harrisin məğlubiyyəti Paşinyan hökumətinin mövqeyinə ciddi təsir göstərdi. 2025-ci ilin yazından etibarən Ermənistanın sülh müqaviləsinə yanaşması daha konstruktiv və praqmatik xarakter aldı. Bu, Əbu- Dabidə razılaşdırılan və avqustun 8-də ABŞ Prezidenti Trampın iştirakı ilə Vaşinqtonda rəsmiləşdirilən sülh prosesində irəliləyiş üçün yol açdı.

Vaşinqtonda Birgə Bəyannamənin imzalanmasından sonra hazırda bu nəticələrə necə və hansı müddət ərzində nail oluna biləcəyi barədə aydın təsəvvürlər var. Sülh prosesi ikitərəfli formatda inkişaf edir. Həm Azərbaycan, həm də Ermənistan ikitərəfli formatı yeganə əlverişli variant hesab edirlər. ABŞ yeganə ölkədir ki, həm Azərbaycanın, həm də Ermənistanın razılığı ilə bir kommunikasiya layihəsində - TRIPP-də rol oynayacaq və onun həyata keçirilməsi regional nəqliyyat marşrutlarının bütövlükdə açılmasına şərait yaradacaq.

Vaşinqtonda keçirilən üçtərəfli sammit və Birgə Bəyannamənin qəbulu sülh prosesində mühüm mərhələ oldu. Bu görüşdən sonra Azərbaycan və Ermənistan arasında sülh gündəmini gücləndirmək üçün çoxsaylı bəyanatlar verildi və konkret addımlar atıldı. İnsanlar arasında birbaşa əlaqə yaratmaq və hər iki tərəfdən vətəndaş cəmiyyəti nümayəndələrini ikitərəfli formata cəlb etmək üçün şərait yaradıldı. Artıq İrəvana səfər baş tutub və bugünlərdə Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Bakıya səfəri gözlənilir.

ABŞ-nin TRIPP layihəsində iştirakı Zəngəzur dəhlizinin bir hissəsini təşkil edən bu təşəbbüs ətrafında gərginliyi azaldıb. Ermənistan və ABŞ hökumətləri arasında qəbul olunacaq və Azərbaycanla razılaşdırılacaq yekun qərar sülh prosesində yeni situasiya yaradacaq.

Beləliklə, sülh prosesi və 44 günlük müharibənin nəticələrinin həyata keçirilməsi 30 il əvvəl formalaşmış regional dinamikanı dəyişdirir. Bu transformasiya regional dövlətlərin suverenliyinin artması və xarici aktorların rolunun zəifləməsi fonunda baş verir. Birləşmiş Ştatlar bu transformasiyada təkcə danışıqlar masası arxasında deyil, həm də yerdə mühüm rol oynayır. Bu isə Azərbaycan və Ermənistan hökumətlərinin qəbul etdiyi qərarlar nəticəsində mümkün olub.

Sülh gündəliyi ABŞ-Azərbaycan münasibətlərinə də müsbət təsir göstərib.

Burada sual yarana bilər ki, ABŞ-yə Azərbaycanla strateji münasibətlər nəyə görə lazımdır?

  • Birincisi, Cənubi Qafqazda müharibənin nəticələrindən irəli gələn transformasiyalar növbəti 20-30 il üçün regional dinamikanı formalaşdıracaq. TRIPP layihəsi ilə ABŞ yeni regional konfiqurasiyada öz yerini təmin etmək üçün real imkan əldə edir.
  • İkincisi, ABŞ artıq Mərkəzi Asiya ilə münasibətlərini rəsmiləşdirib və yaxın illərdə Mərkəzi Asiyaya ən proqnozlaşdırıla bilən fiziki çıxış yolu Azərbaycanın əsas rol oynadığı Cənubi Qafqazdan keçəcək.
  • Üçüncüsü, ABŞ-Mərkəzi Asiya sammitindən sonra Türk Dövlətləri Təşkilatı (TDT) ABŞ-nin müttəfiqlərini və tərəfdaşlarını birləşdirən ən proqnozlaşdırıla bilən regional platformalardan birinə çevrilib və TDT-nin məqsədləri ABŞ-nin maraqları ilə üst-üstə düşür. Azərbaycan Türk Dövlətləri Təşkilatının fəal üzvüdür.
  • Dördüncüsü, Azərbaycan Yaxın Şərqdə özü üçün yeni rol formalaşdırır. Bu bölgədə Bakı və Vaşinqtonun mövqeləri, strateji yanaşmaları üst-üstə düşür. Xüsusilə, nə Azərbaycan, nə də ABŞ Türkiyə ilə İsrail arasında, Suriya ilə İsrail arasında gərginliyin artmasında maraqlı deyil.
  • Beşincisi, tarixən Azərbaycan ABŞ-nin müttəfiqləri - Türkiyə, İsrail və bir sıra Avropa ölkələrinin müttəfiqi olub. Bu gün ABŞ-nin siyasəti daha praqmatik olsa da, “müttəfiqlərinizin müttəfiqi” faktoru öz aktuallığını itirməyib.
  • Altıncısı, gələcəkdə Birləşmiş Ştatlar Əfqanıstan istiqamətinə yenidən maraq göstərə bilər. Burada Vaşinqton ya qarşıdurmaya getməli, ya da əməkdaşlıq etməli olacaq. Xatırladaq ki, Azərbaycanın Kabildə səfirliyi fəaliyyət göstərir.

Bəs Azərbaycana ABŞ-la strateji münasibət nəyə lazımdır?

  • Birincisi, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında qaldığı münaqişə dövründə Bakı ABŞ-nin əsas elementlərdən biri olduğu balans siyasəti yürüdürdü. Müharibədə qələbə çaldıqdan və ərazi bütövlüyü bərpa edildikdən sonra bu balansın strukturu və forması dəyişir. Azərbaycan ABŞ ilə münasibətlərini ona görə qiymətləndirir ki, Bakı hərbi-siyasi bloklara və ya gömrük ittifaqlarına üzv olmağa can atmır, bunun əvəzinə ikitərəfli münasibətlərə üstünlük verir.
  • İkincisi, yeni regional reallıq yaranır və Azərbaycanın böyük dövlətlər arasında geosiyasi rəqabətin münaqişəyə çevrilməyəcəyi regional razılaşmaların formalaşmasına kömək etməsi vacibdir. ABŞ ilə strateji əlaqələr Azərbaycan üçün sabit regional güc balansının yaradılması baxımından faydalıdır.
  • Üçüncüsü, Prezident Trampın ideoloji xarici siyasətdən uzaqlaşmaq və digər dövlətlərin daxili işlərinə qarışmamaq siyasəti ikitərəfli münasibətlərin yüksəldilməsi və onilliklər ərzində ABŞ-nin Azərbaycana yardımını ədalətsiz şəkildə məhdudlaşdıran və iki ölkə arasında etimadı sarsıdan 907-ci düzəliş kimi uzun müddət davam edən maneələri aradan qaldırmaq üçün zəmin yaradır.
  • Dördüncüsü, texnologiya, süni intellekt, logistika, aktivlərin idarə edilməsi və investisiya sahələrində sektorlararası əməkdaşlıq Azərbaycan üçün mühüm iqtisadi mənafelər və ABŞ ilə işbirliyinin praktiki dəyəri olan sahələrdir.
  • Beşincisi, ABŞ-nin TRIPP layihəsində iştirakı regional kommunikasiyaların açılması işinə töhfə verir və eyni zamanda revanşizmə qarşı müəyyən təminat rolunu oynayır.

Sonda Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığın formalaşması prosesində yarana biləcək riskləri qeyd edək.

Erməni lobbi qruplarının ABŞ-dəki fəaliyyəti, o cümlədən onların dini rəvayətlərdən istifadə etməsi belə strateji münasibətlərin qurulmasına maneələr yarada bilər. “Sülh Aktı” kimi təşəbbüslər, eləcə də Taker Karlsonun podkastlarında səslənən dini çərçivəli mesajlar mövcud prosesə mənfi təsir göstərə bilər. Xüsusi vurğulanmalıdır ki, bu cür təşəbbüslər Azərbaycana, Ermənistana, sülh prosesinə, ABŞ-nin regionda maraqlarının reallaşmasına ziyan vurur.

Bu tarixi məqamda Birləşmiş Ştatlar və Azərbaycan qarşılıqlı maraqları və yaxınlaşan prioritetləri bölüşürlər ki, bu da münasibətlərin yüksəldilməsi və mövcud maneələrin aradan qaldırılması üçün möhkəm zəmin yaradır.