Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini Fuad Çıraqovun ABŞ-ın nüfuzlu The National İnterest jurnalında Laçın yolu ətrafında Ermənistanın beynəlxalq miqyasda təşkil etdiyi süni böhrana həsr edilmiş məqaləsi dərc edilmişdir. Məqalədə giriş hissəsində Ermənistanın Laçın ətrafında yaratdığı süni böhranla bir müddət əvvəl kövrək ümidlər vəd edən danışıqlar prosesinə ciddi şəkildə zərbə vurduğu göstərilir. Məqalədə Laçın yolundan əvvəllər minaların, silahların və İslam İnqilabi Keşikçilərinə bağlı şəxslərin qaçaqmalçılığında istifadə edildiyi xatırladıldı. Müəllif Laçın yolu ətrafında yaradılan süni böhrandan Ermənistanın alət kimi istifadə edərək məsələni BMT TŞ iclası səviyyəsinə qədər gətirməsini qeyd etdi. Xatırladıldı ki, TŞ-nın iclasında bəzi ölkələrin çıxışlarında humanitar məsələlərdən siyasi məqsədlər üçün istifadə etməmək çağırışı təsadüfi deyildi. Ermənistanın apardığı kampaniya ilə Azərbaycana, beynəlxalq ictimai rəyə və BMT TŞ üzvü olan ölkələrə qarşı psixoloji və mənəvi təzyiq etməyə çalışdığı göstərildi.
Bu kampaniya ilə Ermənistanın beynəlxalq ictimai rəydə guya “Qarabağ erməniləri Azərbaycanın tərkibində yaşaya bilməz” qənaətini yeritməyə çalışdığı diqqətə çatdırıldı. Bununla da əslində Ermənistanın danışıqlar prosesində əvvəlcədən səmimi olmadığı izah edildi. Bu həqiqəti oxuculara izah etmək üçün 2021-ci ildə Ermənistanda parlament seçkilərindən sonra yeni hökumətin Qarabağ ermənilərinin Azərbaycandan xilas olma naminə ayrılmasına (remedial seccession) nail olması ilə bağlı öhdəlik götürməsi xatırladıldı. Ona görə də Laçın yolu ətrafında yaradılan süni böhranın da əsl məqsədinin buna xidmət etdiyi göstərildi. Məqalədə eləcə də, Qarabağdakı ermənilərin yaranmış vəziyyətin girovuna çevrilməsi qeyd edildi. Nəticədə isə digər dövlətlərə əgər onların həqiqətən də Qarabağdakı ermənilərin humanitar böhranla üzləşdiklərinə inanırlarsa, Azərbaycana qarşı edilən təzyiqlərin məqsədi məhz humanitar əsaslıdırsa onlara Ağdam yolunun açıq olduğu xatırladıldı.