Ermənistanda 2015-ci ildə referendum yolu ilə Konstitutsiyaya edilən dəyişikliklər Ermənistanın yarı-prezidentlik sistemindən parlamentar sistemə keçidini nəzərdə tuturdu. 2018-ci ildə bu keçidi həyata keçirmək vaxtı çatanda bir çoxları Serj Sarqsyanı ölkədə super Baş nazirlik sistemini qurmaqda ittiham etdi. Belə ki, Ermənistanda parlamentar sistem demokratik görünsə də, Baş nazirin səlahiyyətlərinə və ona birbaşa tabe olan qurumlara baxdıqda super-prezidentlik sistemindən fərqlənmirdi. Bu sistemdə polis, təhlükəsizlik xidməti kimi mühüm qurumlar bir nazirlik kimi yox, xidmət kimi fəaliyyət göstərir və birbaşa Baş nazirə tabedir. Yəni digər nazirlər kimi bu xidmətin rəhbərləri hesabatı Parlamentdə deyil birbaşa Baş nazirə verirlər.
2018-ci ildə inqilab yolu ilə hakimiyyətə gəlməmişdən əvvəl Nikol Paşinyanın dilindən düşməyən bir şüar var idi, “super Baş nazirlik sistemi ləğv edilməlidir”. Lakin, hakimiyyətə gəldikdən sonra Nikol Paşinyan üçün bu elə şüar olaraq qaldı. Beş ildən çoxdur hakimiyyətdə olan Paşinyan hər kəsə demokratik imicini sırımağa, bu yolla Qərbdən dəstək almağa çalışır. Həqiqətdə isə, yeritdiyi siyasət Paşinyan rejiminin formalaşması və gücləndirilməsindən başqa başqa bir şeyi deyildir. Bir zamanlar tənqid etdiyi sistemin başına keçən Paşinyanın onu islah etmək əvəzinə həmin sistemdə vəzifələrə öz adamlarını yerləşdirməsi beş il ərzində onun gördüyü “demokratik” işlər və nə dərəcədə demokratik olması ilə bağlı suallar doğurur.
Konstitusiya
Hakimiyyətə gələndən bəri Nikol Paşinyanın haqqında ən çox danışdığı islahatlardan biri də konstitutsiya islahatlarıdır. Lakin o, bunu ölkənin maraqları üçün yox, daha çox şəxsi rejiminin möhkəmlənməsi üçün etməyə çalışır. Belə ki, o, islahatları ümumi bir paket kimi yox, vəziyyətə uyğun olaraq, ehtiyyac yarandıqca səsləndirir. Məsələn, 2018-ci ilin avqustunda konstitutsiya islahatından danışan Nikol Paşinyan ancaq siyasi bir məsələnin həlli üçün dəyişikliyə ehtiyyacın olduğunu vurğuladı. Həmin vaxt, parlamentdə üstünlüyə sahib olmayan Paşinyan, konstitutsiyaya dəyişiklik edərək parlamentə növbədənkənar seçkilərin ancaq baş nazirin istefası zamanı yox, həmçinin parlamentin özünü buraxması zamanı da keçirilməsini təklif etdi. Göründüyü kimi, həmin vaxt Paşinyan üçün prioritet məsələ parlamentdə üstünlük əldə etmək olduğu üçün, o, başqa heç bir dəyişiklikdən danışmırdı.
Növbəti dəyişiklik ehtiyacı isə keçmiş Prezident Robert Köçəryanın məhkəmə tərəfindən azad edilməsindən sonra yarandı. Bu zaman Nikol Paşinyan Ermənistanda azad məhkəmələrin yaradılması üçün konstitutsiya dəyişikliklərinə ehtiyacın olmasından danışaraq Konstitutsiyanı canlı orqanizm adlandırdı. O, həm də konstitutsiya məhkəməsini keçmiş klanın şəxsi notarius ofisi adlandırdı. Bundan sonra isə o, bütün səylərini konstitutsiya məhkəməsinin tərkibinin dəyişdirilməsinə yönəltdi. Hətta, 2020-ci ildə referendum yolu ilə bu dəyişiklikləri etmək planını açıqlasa da, Covid-19 pandemiyasına görə baş tutmadı. Əvəzində isə ancaq hakim partiyadan olan deputatların iştirakı ilə konstitutsiyaya dəyişiklik parlament tərəfindən qəbul edildi. Dəyişikliyə görə 12 ildən çox konstitutsiya məhkəməsində çalışanlar öz vəzifələrini itirməli, onların əvəzinə isə yeni üzvlər Parlament tərəfindən seçilməlidir. Nəticədə, 12 ildən çox hakim olanlar vəzifələrini itirdilər. Paşinyan isə özünə yaxın olan şəxsləri konstiutsiya məhkəməsinə təyin etdirməyə və ən əsası konstitutsiya məhkəməsinin sədrini də dəyişməyə nail oldu. Bununla da, Paşinyan konstiutsiya məhkəməsi üzərində də öz nəzarətini təmin etmiş oldu. Onu da qeyd etmək lazımdır ki, bu dəyişikliklər təkcə keçmiş hakimiyyət nümayəndələrinə aid olan müxalifət partiyaları tərəfindən deyil, eyni zamanda Edmon Marukyanın və Qaqik Tsarukyanın partiyaları tərəfindən də boykot edilmişdi.
Polis
Serj Sarqsyanı polisdən şəxsi maraqları üçün istifadə etməkdə ittiham edən Nikol Paşinyan 2018-ci ilin may ayında parlamentdə çıxışı zamanı bildirmişdi ki, Polis və Milli Təhlükəsizlik Xidməti mütləq şəkildə öz statusunu dəyişməli, baş nazirə tabe qurum kimi yox, nazirlik kimi fəaliyyət göstərməlidir. Bu çıxışdan cəmi 7 gün sonra baş nazir seçilən Nikol Paşinyan, tənqid etdiyi Serj Sarqsyanın qurduğu super baş nazirlik sisteminin ona verdiyi imkanlardan və səlahiyyətlərdən şəxsi rejiminin gücləndirilməsi istiqamətində istifadə etməyə başladı.
Ötən 4 il ərzində özünə birbaşa tabe olan polisdən ürəyi istədiyi kimi istifadə edən Nikol Paşinyan bu sahədə heç bir islahat aparmadı. Polis, əvvəlki kimi ona tabe bir xidmət kimi çalışmağa davam etdi və ona ən çətin vaxtlarında kömək oldu. Belə ki, həm 2020-ci ildə imzalanan 10 Noyabr razılaşmasından dərhal sonra və fasilələrlə növbəti illərdə küçələrə çıxan, hökümət binası və parlamenti mühasirəyə almağa cəhd edənlərə qarşı polis sərt reaksiya göstərərək Paşinyanı müdafiə etdi. Bununla yanaşı, Paşinyan polisdən maksimum dərəcədə öz maraqlarına uyğun istifadə edə bilmək üçün öz uşaqlıq dostu və sinif yoldaşı Vahe Ğazaryanı hakimiyyətə gəldiyi ilk gündən bəri polis xidmətinə rəis təyin etmək üçün hazırladı. Belə ki, Paşinyanın hakimiyyətə gəldiyi ilk vaxtlarda İcevanda kiçik vəzifə sahibi kimi çalışan Ğazaryan cəmi iki il sonra ölkənin polis xidmətinə rəhbər təyin edildi. 2020-2022-ci illər ərzində polis xidmətinin rəisi kimi çalışan Ğazaryan Paşinyan hakimiyyətini qorumaq üçün əlindən gələni etdi və ən çətin dövrlərdə Paşinyanı müdafiə etməyi bacardı. Çətin dövrləri geridə qoyduqdan sonra Paşinyan yubatdığı polis islahatını həyata keçirdi və 2022-ci ilin sonunda Daxili İşlər Nazirliyi yaradıldı. Təbii ki, nazirliyin başına da uşaqlıq dostu Vahe Ğazaryanı gətirdi. Bu hərəkət ölkədəki vətəndaş cəmiyyəti tərəfindən tənqid olunsa da Paşinyan buna əhəmiyyət belə vermədi.
Milli Təhlükəsizlik xidməti
Polisə nəzarəti öz yaxın dostuna həvalə edən Paşinyanın Milli Təhlükəsizlik Xidməti ilə bağlı bəxti o qədər də gətirmir. Belə ki, Paşinyan özünə yaxın adam kimi Agrişti Kərəmyanı 2020-ci ilin May ayının 4-də Ermənsitan Respublikası İstintaq Komitəsinə Sədr müavini, növbəti gün yəni may ayının 5-də Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinə rəis müavini, bir aydan sonra isə həmin xidmətin rəisi təyin etmişdi. Həmin vaxt 29 yaşı yeni tamam olan Kərəmyanın bu vəzifəyə təyinatı uzun illər təhlükəsizlik orqanlarında çalışan əməkdaşları narahat etmiş və bir çox əməkdaşın istefası ilə nəticələnmişdi. Onu da qeyd etmək lazımdır ki, inqilabdan sonra xidmətə rəis təyin edilən Eduard Martirosyanın istefasına əsas səbəb kimi, Kərəmyanın ona müavin təyin edilməsi və Baş nazirin xidmətin işinə qarışması göstərilirdi. 29 yaşlı Kərəmyan isə gözlənildiyi kimi uğursuz oldu və elə 44 Günlük Müharibənin davam etdiyi dövrdə, yəni 2020-ci ilin 8 oktyabrında vəzifəsindən azad edildi. Hazırkı xidmət rəisi Armen Abazyan 2020-ci ildən bəri bu vəzifəni tutur. Lakin, Paşinyan ona tam etibar etmədiyi üçün bu xidməti öz nəzarətindən buraxmağa tələsmir.
Prokurorluq
Paşinyanın digər bir həmləsi ölkənin ən önəmli sütünlarından olan prokurorluq orqanlarında möhkəmlənməsi oldu. Belə ki, 2016-cı ildə təyin olunmuş baş prokuror Artur Davtyanın səlahiyyət müddəti 2022-ci ilin sentyabrında bitdi. Bu imkandan istifadə edən Paşinyan, 2022-ci ildə Parlamentdə ancaq hakim partiyanın deputatlarının iştirakı ilə keçirilən səsvermədə prokurorluq orqanlarında heç bir təcrübəsi olmayan Anna Vardapetyanın Baş prokuror seçilməsinə nail oldu. Bundan əvvəl Paşinyan Vardapetyanı 2019-cu ildə Ədliyyə Nazirinin müavini, 2020-ci ilin martında isə özünün hüquq məsələləri üzrə müşaviri təyin etmişdi. İki il Baş nazirin müşaviri olan Anna Vardapetyanın Baş prokuror kimi nə dərəcədə müstəqil olması suallar yaratmamalıdır.
Hakim partiyada kollektiv idarəetmədən şəxsi hakimiyyətə keçid
Ermənistanın keçmiş Prezidenti Levon-Ter-Petrosyanın partiyası olan Erməni Kongresi partiyasından ayrılan Nikol Paşinyan 2013-cü ildə Vətəndaş Müqaviləsi partiyasını yaratmışdı. 2015-ci ildə qeydiyyatdan keçən partiyaya ilk sədrliyi hazırda Baş nazirin ofisinin rəhbəri kimi işləyən Arayik Harutunyan etmişdi. Daha sonra bu vəzifəni Sasun Mikaelyan, 2019-cu ildə isə ixtisasca tarix müəllimi olan, hazırda müdafiə naziri Suren Papikyan icra etmişdi. Partiyanın 2022-ci ildə keçirilən iclasında isə Nikol Paşinyan partiyanın sədri oldu. Maraqlıdır ki, onsuz da Baş nazir olan və hakimiyyəti əlində saxlayan Paşinyan partiya daxilində də bütün nəzarəti ələ almağa və növbəti seçkilərə qədər hər səviyyədə hakimiyyətini möhkəmləndirməyə çalışır.
Nepotizm
Özünü Qərbə demokratik lider kimi sırımağa çalışan Paşinyanın Ermənistanda ali səviyyədə nepotizm siyasəti yürütdüyünü aydın şəkildə görmək mümkündür. Paşinyanın şəxsən və çoxdan tanıdığı, etibar etdiyi şəxslər və sonradan Paşinyanın etimadını qazanmış şəxslər qısa vaxt ərzində yüksək vəzifələrə təyin edilməyi bacardılar. Onu da qeyd etmək lazımdır ki, təkcə Paşinyanın yox, həyat yoldaşı Anna Hakobyanın da qohum və rəfiqələri yüksək vəzifələrdə çalışırlar. Hər ikisinə ən yaxın nümunə kimi Paşinyanın qardaşı oğlu Sipan Paşinyanı və Annanın qardaşı Hraçya Hakobyanı nümunə gətirə bilərik. Paşinyanın rəhbərlik etdiyi partiyadan Ermənistan Parlamentinə deputat kimi seçilən bu qohumların adı bir ara Rusiyaya böyük həcmdə siqaret qaçaqmalçılığında hallanırdı. Bundan başqa, 2019-cu ildən 23 yaşında İrəvan qornizonunda hərbi prokuror kimi çalışan Arutyun Maşadyanın və Paşinyanın hakimiyyəti dövründə Dövlət Gəlirləri Komitəsində rəis müavini kimi çalışan Rafiq Maşadyanın Anna Hakobyanla qohumluğu heç kimə sirr deyildir.
Polis, Məhkəmə, Təhlükəsizlik xidməti və prokurorluq kimi ən mühüm və strateji sahələrdə özünün total nəzarətini quran Nikol Paşinyan bu yolla özünün bütün mümkün rəqiblərini sıradan çıxarmağı bacardı və faktiki olaraq ölkəni öz istədiyi formada idarə edir. Özünü demokratik lider və ölkəsini “demokratiya adası” kimi sırımağa çalışan Nikol Paşinyanın dedikləri ilə əməlləri arasında ciddi təzadlar mövcuddur.
Üzdən “demokratik” görünən Ermənistanda Paşinyanın bütün əsas sahələrdə total nəzarəti ələ keçirərək ölkəni istədiyi kimi idarə etməsi və ölkədə nepotizmin hökm sürməsi Ermənistana qayıdacaq Qərbi Azərbaycanlıların hüquq və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı da şübhələr yaradır. Paşinyan özü çıxışlarının birində qeyd etmişdi ki, Qərbi Azərbaycanlıların Ermənistana qayıtması Ermənistanın milli təhlükəsizliyi üçün təhdiddir. Bu isə onu göstərir ki, Qərbi Azərbaycanlıları özünə təhdid kimi görən bir rejim nəinki onların hüquq və təhlükəsziliyini qoruyacaq, əksinə onlarda qarşı ciddi təzyiqlər edəcəkdir. Bununla yanaşı, polis və digər hüquq mühafizə orqanları Paşinyanın birbaşa nəzarəti altında olduğundan onun istənilən siyasi sifarişini Qərbi Azərbaycanlıların hüquqlarının pozulması bahasına olsa belə icra edəcəkdir və bu da Azərbaycanlıların Ermənistanda təhlükəsiz şəraitdə yaşaması ilə bağlı ciddi təhdidlər formalaşdıra bilər.