Xəbərlər

Ana səhifə / Xəbərlər

Ukrayna müharibəsinin Azərbaycan üçün iqtisadi nəticələri

image
  • 18.07.2022

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) baş elmiş işçisi Orxan Bağırovun “Ukrayna müharibəsinin Azərbaycan üçün iqtisadi nəticələri” adlı məqaləsi ABŞ-ın Ceymstaun Fondunun “Eurasia Daily Monitor” jurnalında nəşr edilmişdir. Məqalədə əsas diqqət müharibənin Azərbaycan üçün yaratdığı iqtisadi problemlərə və üstünlüklərə yönəldilmişdir. İlk olaraq qeyd edilmişdir ki, müharibənin üstünlüyü neft və qazın qiymətini artırmaqla Azərbaycanın gəlirlərini artırmasıdır. 2022-ci ilin ilk 4 ayında qaz ixracından əldə edilən gəlirlər 3.7 dəfə artaraq 4.18 milyard dollara çatmış, neft ixracından əldə edilən gəlirlər isə 50.3% artmışdır. Nəticədə, ilk rübdə tədiyyə balansının müsbət saldosu 4.8 dəfə artaraq 1.57 milyard dollara çatmışdır.

Sonra məqalədə diqqət müharibənin yaratdığı iqtisadi problemlərə yönəldilmişdir. Göstərilmişdir ki, müharibə tərəfləri, xüsusilə də Rusiya Azərbaycanın idxalında böyük paya sahibdir. 2021-ci ildə Rusiya və Ukrayna Azərbaycanın idxalının 22%-ni təşkil etmişdir. Ukraynadan 470 milyon dollar, Rusiyadan isə 2.74 milyard dollar dəyərində məhsul, o cümlədən 293.2 milyon dollarlıq buğda idxal edilmişdir. Rusiyadan idxal edilən bitki yağları yerli tələbatın 25%-ni, idxal edilən şəkər isə 50%-ni təmin etmişdir.

Müharibənin təsiri ilə Azərbaycanın Ukraynadan idxalı 2022-ci ilin ilk 5 ayında 38% azalmışdır. Bu dövrdə Rusiyadan idxal azalmasa da, Rusiyaya ixrac 7% azalmışdır. Rusiya Azərbaycanın qeyri-neft məhsullarının, xüsusilə də tərvəzin ixrac edildiyi əsas ölkə olduğundan ixracın azalması kənd təsərrüfatı istehsalçılarına təsir edir.

Məqalədə o da vurğulanmışdır ki, Rusiyanın buğda ixracına qoya biləcəyi qadağaları nəzərə alaraq Azərbaycan Qazaxıstandan buğda idxalını artırmışdır. Cari ilin ilk 5 ayında Qazaxıstandan buğda idxalı 27 dəfə artaraq 81.7 min tona çatmışdır. Nəticədə, Rusiyanın buğda idxalında payı 46%-ə düşmüş, Qazaxıstanın payı isə 54%-ə qədər artmışdır. Ötən illərdə Azərbaycan buğdaya tələbatın 60%-ni özü qarşılamışdır. Qalan hissə xarici ölkələrdən, əsasən Rusiyadan idxal hesabına təmin edilmişdir (80%-dən çox). Lakin, Qazaxıstan hökuməti apreldə növəbti 3 ay ərzində buğda idxalının azaldılması ilə bağlı qərar vermişdir. Bu qadağa uzadılarsa Azərbaycan üçün buğda təminatı ilə bağlı problemlər yarana bilər. 

Bu çətinlikləri nəzərə alaraq Azərbaycan buğda istehsalını artırmağı, hətta ixrac etməyi planlaşdırır. Mayda İsrailin Kənd Təsərrüfatı və Regional İnkişaf Nazirinin Azərbaycana səfəri zamanı bu məsələ geniş müzakirə edilmişdir. İsrailin Azərbaycanı buğda istehsalı üçün ən yeni texnologiyalar ilə təmin etməsi və Azərbaycanın İsrailə 2025-ci ildən buğda ixrac etməsi ilə bağlı razılıq əldə edilmişdir.

Daha sonra diqqətə çatdırılmışdır ki, müharibə ilə bağlı olan iqtisadi problemlər Rusiya və Ukraynadan idxal edilən məhsulların qiymətinə də təsir etmişdir. Bu məhsullar Azərbaycanın ərzaq bazarında böyük paya sahib olduğundan onların qiymətinin artması inflyasiyanı sürətləndirmişdir. İlk rübdə inflyasiya 12.2%-ə çatmışdır. Onun 60%-i ərzaq məhsullarının payına düşmüş və ərzaq məhsullarının inflyasiyası 18%-ə çatmışdır. İnflyasiyanın dünyada artması alternativ məhsulları da baha edir və inflyasiyanın idarə edilməsi çətinləşir.

O da göstərilmişdir ki, Rusiya həm də Azərbaycanın xarici köçürmələrində böyük paya sahibdir. 2021-ci ildə Rusiyadan Azərbaycana 780 milyon dollar köçürmə edilib ki, bu da ümumi xarici köçürmələrin 60%-ni təşkil edib. Rusiyada yaranan iqtisadi problemlərə görə Azərbaycana köçürülən vəsaitlər cari ilin ilk rübündə 17% azalmışdır. Ukraynadan edilən köçürmələr isə 27% azalmışdır.

Sonda qeyd edilmişdir ki, Ukrayna müharibəsinə görə Azərbaycan azalan pul köçürmələri, müharibə tərəfləri ilə azalan ticarət dövriyyəsi, buğda idxalı və yüksək ərzaq qiymətləri kimi problemlərlə qarşılaşmaqdadır. Müharibəyə görə həm də Azərbaycanın neft və qaz ixracından gəlirləri artır. Bu da onun iqtisadiyyatını müharibənin yaratdığı iqtisadi problemlərə qarşı daha dayanıqlı edir.

Məqaləyə keçid: https://jamestown.org/program/the-economic-implications-of-the-ukraine-war-on-azerbaijan/