Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşiniyan arasında keçirilmiş növbəti görüş müsbət sonluqla bitib. Avropa İttifaqı rəsmisi bəyan edib ki, 5 saat çəkən müzakirələrdə mühüm irəliləyişlər əldə olunub.
Onun bəyanatına keçməzdən əvvəl qısaca olaraq xatırladaq ki, liderlər bundan əvvəl ötən ilin 15 dekabrında Brüsselə dəvət olunmuşdular. O zaman da həm münaqişə tərəfləri, həm də Avropa İttifaqı təmsilçisi müzakirələrin konstruktiv əhvalda keçməsindən razı qalmışdılar. Sərhədlərin dəqiqləşdirilməsi, kommunikasiyaların açılması, əsirlərin qaytarılması, itkinlərin taleyi və mədəni irisin qorunması ilə bağlı ilkin razılıq əldə edilmişdi. Amma aradan keçən 100 gündən artıq zaman kəsiyində problemlərin həlli ilə bağlı bir addım da məsafə qət edilməyib.
O tarixdən bəri regionda və dünya köklü dəyişikliyə səbəb olan Rusiya-Ukrayna müharibəsi başlayıb və davam etməkdədir. Cənubi Qafqazda hərbi-siyasi nəzarət imkanlarını əlində saxlayan, bu siyasətini münaqişələri idarə etməklə həyata keçirən Moskva indi çətin günlərini yaşayır. Müharibədəki uğursuzluq, Qərb tərəfindən tam iqtisadi blokada, Rusiya hərb maşını mifinin dağılması, Avropa və ABŞ-ın bölgədə fəallaşması, təbii ki, Ermənistan-Azərbaycan münaqişəsinə təsir etməyə bilməz. ABŞ Dövlət katibi Entoni Blinkenin danışıqlardan əvvəl İlham Əliyevə və Nikol Paşinyana zəng etməsi, Avropa İttifaqının vasitəçilik təşəbbüsünün uğurlu alınması və 5 saatlıq görüşdə əldə olunan razılaşmalar prosesdə yeni mərhələnin başlandığını göstərir.
Şarl Mişelin jurnalistlərə verdiyi açıqlamaya görə, məhsuldar keçən görüşdə qərara alınıb ki, mümkün sülh sazişini hazırlamaq üçün konkret prosesə start verilsin və bunun üçün lazım olan bütün elementlər müzakirə edilsin. Həmçinin qərara alınıb ki, delimitasiya kimi həssas məsələylə məşğul olmaq üçün birgə komitə yaradılsın. Həmin komitə güclü kommunikasiya və koordinasiya yoluyla bu yöndə qarşıdakı həftələrdə hansı irəliləyişlərin olacağını diqqətdə saxlasın.
Görüşlə bağlı Şarl Mişelin adından yayılan bəyanatda isə Aİ-nin gərginlikləri aradan qaldırmaq, Cənubi Qafqazı regionda yaşayan insanların hamısı üçün təhlükəsiz, sabit, dinc və çiçəklənən məkana çevirmək üçün Ermənistan və Azərbaycanla əməkdaşlığı dərinləşdirmək öhdəliyi bir daha vurğulanır. Prezident Mişel qarşılıqlı inam və dinc birgə yaşayışdan ötrü hər iki tərəfdən humanitar jestlərin vacibliyini vurğulayıb. Saxlananların buraxılması, itkinlərin məsələsinin hərtərəfli həlli daxil, bütün humanitar məsələlərin tam və sürətli həllinin gərəkdiyini, Aİ-nin bu səylərə dəstək verməyə hazır olduğunu deyib. Bəyanatda deyilir ki, Aİ Azərbaycanla Ermənistan arasında inam yaratma tədbirlərini, o cümlədən ərazilərin minalardan təmizlənməsinə dəstəyi davam etdirəcək.
Bəyanata görə, Prezident Əliyev və baş nazir Paşinyan iki ölkə arasında sülh sazişinin tezliklə əldə olunmasını istədiklərini dilə gətiriblər. Bütün vacib məsələləri yoluna qoyacaq gələcək sülh sazişinin hazırlanması üzərində işləmək üçün iki ölkənin xarici işlər nazirlərinə göstəriş vermək qərara alınıb.
Sərhədin demarkasiyası və delimitasiyası üzrə yaradılacaq Birgə Sərhəd Komissiyasının mandatına isə ikitərəfli sərhədin delimitasiyası və sərhəd boyunca, eləcə də sərhəd yaxınlığında daimi təhlükəsizliyi təmin etmək daxil olacaq.
“Prezident Mişel onu da qeyd edib ki, qüvvələrin düzgün məsafədə saxlanması insidentlərin önlənməsi və gərginliyin azaldılmasının əsas elementidir. Prezident Mişel Aİ-nin tövsiyə və dəstək verməyə hazır olduğunu vurğulayıb”, – bəyanatda deyilir.
Liderlər Azərbaycanla Ermənistan arasında, eləcə də geniş anlamda Cənubi Qafqazda kommunikasiya infrastrukturunun bərpasını müzakirə ediblər. Şarl Mişel dəmiryolu əlaqəsinin bərpasına yönəlik addımları alqışlayıb, tərəfləri magistral yol əlaqələrinin bərpasını da səmərəli şəkildə yoluna qoymağa çağırıb.