Cənubi Qafqazda kimin Rusiya ilə ticarəti daha çox artıb?
Son zamanlar Cənubi Qafqaz regionunda gedən geo-siyasi proseslərin fonunda yaranan əsas suallardan biri bu regionun ölkələrinin Rusiya ilə iqtisadi əlaqələrinin nəcə dəyişməsidir. Ermənistan və Gürcüstanda Qərbə inteqrasiyası ilə bağlı fikilər səsləndirilsə də iqtisadi göstəricilər bunun əksini göstərir. Belə ki, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Ermənistanın və Gürcüstanın Rusiyadan olan iqtisadi asılılığı daha da artmışdır. Azərbaycan-Rusiya iqtisadi əlaqələrində isə kəskin dəyişiklik baş verməmişdir. Rusiya ilə iqtisadi əlaqələrlə bağlı son üç ildə baş verən dəyişiklikləri anlamaq üçün Cənubi Qafqaz ölkələrinin hər birinin Rusiya ilə ticarət əlaqələrinin dinamikasını nəzərdən keçirək və bu dinamikaların müqayisəli təhlilini aparaq.
Azərbaycan-Rusiya ticarət əlaqələri
Azərbaycanın Rusiya ilə xarici ticarət dövriyyəsi 2021-ci ildə 12% artaraq 2.99 milyard ABŞ dollarına (bundan sonra dollar), 2022-ci ildə 23.8% artaraq 3.7 milyard dollara, 2023-cü ilin ilk on ayında isə 20% artaraq 3.44 milyard dollara çatmışdır (Qrafik 1,2). Ticarət dövriyyəsinin həcmi Azərbaycandan Rusiyaya ixrac 2021-ci ildə 921 milyon dollar səviyyəsində olsa da bu göstərici 2022-ci ildə 5.9% artaraq 975 milyon dollara çatmışdır. 2023-cü ilin ilk on ayında isə Azərbaycandan Rusiyaya ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33.6% artaraq 961 milyon dollara çatmışdır. İdxala gəldikdə isə 2021-ci ildə Azərbaycanın Rusiyadan idxalı 2.07 milyard dollar səviyyəsində olduğu halda 2022-ci ildə 31% artaraq 2.73 milyard dollara çatmışdır. 2023-cü ilin ilk on ayında isə Azərbaycanın Rusiyadan idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15.4% artaraq 2.48 milyard dollara çatmışdır (Qrafik 1,2). Bu dəyişikliklərdən sonra Rusiyanın Azərbaycanın ixracında payı 2021 və 2022-ci illərdə müvafiq olaraq 4.15% və 2.56% səviyyəsində olmuş, 2023-cü ilin ilk on ayında isə 3.27% təşkil etmişdir. Rusiyanın Azərbaycanın idxalında payı isə 2021, 2022 və 2023-cü ilin ilk on ayında müvafiq olaraq 17.72%, 18.81% və 17.51% səviyyəsində olmuşdur (Qrafik 3). Ümumi ticarət dövriyyəsində isə payı 2021-ci ildə 8.8%, 2022-ci ildə 7%, 2023-cü ilin ilk on ayında isə 7.9% təşkil etmişdir. Göründüyü kimi Azərbaycanın Rusiya ilə ticarət əlaqələri son iki ildə artıma meylli olsa da bu artım kəskin xarakterə malik olmamış və əvvəlki illərdə olduğu kimi tədriclə artmışdır. Rusiyanın Azərbaycanın ticarətində payı da ciddi dəyişikliyə məruz qalmamışdır.
Qrafik 1. Azərbaycan-Rusiya ikitərəfli ticarət əlaqələri (milyon dollar)
Qrafik 2. Azərbaycanın Rusiya ilə ticarət əlaqələrində artım
Qrafik 3. Rusiyanın Azərbaycanın xarici ticarət əlaqələrində payı
Gürcüstan-Rusiya ticarət əlaqələri
Gürcüstanın Rusiya ilə ticarət dövriyyəsi 2021-ci ildə 21% artaraq 1.6 milyard dolara, 2022-ci ildə 54.1% artaraq 2.48 milyard dollara, 2023-cü ilin ilk on ayında isə 1.2% artaraq 1.96 milyard dollara çatmışdır (Qrafik 4,5). Gürcüstandan Rusiyaya ixrac 2021-ci ildə 610 milyon dollar səviyyəsində olsa da 2022-ci ildə 6.8% artaraq 651.6 milyon dollara çatmışdır. 2023-cü ilin ilk on ayında isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə Gürcüstandan Rusiyaya ixrac 11% artaraq 560 milyon dollara bərabər olmuşdur. İdxala gəldikdə isə Gürcüstanın Rusiyadan idxalı 2021-ci ildə 1 milyard dollar olduğu halda 2022-ci ildə 79.4% artaraq 1.83 milyard dollara çatmıdır (Qrafik 4,5). 2023-cü ilin ilk on ayında isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə Gürcüstanın Rusiyadan idxalı 11% artaraq 1.4 milyard dollara çatmışdır. Bu dəyişikliklərdən sonra Rusiyanın Gürcüstanın ixracında payı 2021 və 2022-ci illərdə müvafiq olaraq 14.4% və 11.7% səviyyəsində olmuş, 2023-cü ilin ilk on ayında isə 11% təşkil etmişdir. Rusiyanın Gürcüstanın idxalında payı 2021, 2022 və 2023-cü ilin ilk on ayında müvafiq olaraq 10%, 13.6% və 11% təşkil etmişdir (Qrafik 6). Rusiyanın Gürcüstanın ticarət dövriyyəsində payı isə 2021-ci ildə 10.8%, 2022-ci ildə 13%, 2023-cü ilin ilk on ayında isə 11% təşkil etmişdir. Göründyü kimi Gürcüstanın Rusiya ilə ticarət əlaqələri son iki ildə artıma meylli olsa da kəskin artım dinamikası müşahidə edilməmişdir. Təkcə 2022-ci ildə Rusiyadan Gürcüstana idxal kəskin şəkildə, yəni 79.4% artmışdır. Rusiyanın Gürcüstanın xarici ticarətində də payı əsaslı şəkildə dəyişməmiş, yalnız qeyd edilən artıma görə Rusiyanın 2022-ci ildə idxalda payı 3.6% artmışdır.
Qrafik 4. Gürcüstan-Rusiya ikitərəfli ticarət əlaqələri (milyon dollar)
Qrafik 5. Gürcüstanın Rusiya ilə ticarət əlaqələrində artım
Qrafik 6. Rusiyanın Gürcüstanın xarici ticarət əlaqələrində payı
Ermənistan-Rusiya ticarət əlaqələri
Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 2021-ci ildə 32% artaraq 2.85 milyard dollara, 2022-ci ildə 86% artaraq 5.3 milyard dollara, 2023-cü ilin ilk on ayında isə 5.6 milyard dollara çatmışdır. Ermənistandan Rusiyaya ixrac 2021-ci ildə 847 milyon dollar olduğu halda 2022-ci ildə 2.4 dəfə artaraq 2.4 milyard dollara çatmışdır. 2023-cü ilin ilk on ayında isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə Ermənistandan Rusiyaya ixrac 63% artaraq 2.9 milyard dollara çatmışdır. İdxala gəldikdə isə Ermənistanın Rusiyadan idxalı 2021-ci ildə 2 milyard dollar olmuş və 2022-ci ildə 43.9% artaraq 2.9 milyard dollara çatmışdır. 2023-cü ilin ilk on ayında isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə Ermənistanın Rusiyadan idxalı 17% artaraq 2.7 milyatrd dollara çatmışdır (Qrafik 7,8). Bu dəyişikliklərdən sonra Rusiyanın Ermənistanın ixracında payı 2021 və 2022-ci illərdə müvafiq olaraq 28% və 45% səviyyəsində olmuş, 2023-cü ilin ilk on ayında isə 50% təşkil etmişdir. Rusiyanın Ermənistanın idxalında payı 2021, 2022 və 2023-cü ilin ilk on ayında müvafiq olaraq 37.3%, 33% və 27.8% təşkil etmişdir (Qrafik 9). Rusiyanın Ermənistanın ticarət dövriyyəsində payı isə 2021-ci ildə 34%, 2022-ci ildə 37.6%, 2023-cü ilin ilk on ayında isə 36.3% təşkil etmişdir. Göründüyü kimi son iki ildə Ermənistanla Rusiya arasında ticarət əlaqələrində, xüsusilə də Ermənistandan Rusiyaya ixracın həcmində kəksin dəyişikliklər baş vermiş və nəticədə Rusiyanın Ermənistanın xarici ticarət əlaqələrində mövqeyi daha da möhkəmlənmişdir. Bunun nəticəsidir ki, ixracda Rusiyanın payı 2 dəfəyə qədər artmışdır.
Qrafik 7. Ermənistan-Rusiya ikitərəfli ticarət əlaqələri (milyon dollar)
Qrafik 8. Ermənistanın Rusiya ilə ticarət əlaqələrində artım
Qrafik 9. Rusiyanın Ermənistanın xarici ticarət əlaqələrində payı
Ticarət əlaqələrinin müqayisəli təhlili
Cənubi Qafqaz ölkələrinin son iki ildə Rusiyaya ixracını nəzərdən keçirdikdə görürük ki, Ermənistanın Rusiyaya ixracı kəskin şəkildə artdığı halda Azərbaycan və Gürcüstandan Rusiyaya ixrac demək olar ki, sabit qalmışdır (Qrafik 10). İdxalın həcmində baş verən dəyişikliklərə baxdıqda isə məlum olur ki, hər üç ölkənin Rusiyadan idxalı 2022-ci ildə artmış və bu trend 2023-cü ildə də davam etməkdədir (Qrafik 11).
Qrafik 10. Cənubi Qafqaz ölkələrindən Rusiyaya ixrac
Qrafik 11. Cənubi Qafqaz ölkələrinin Rusiyadan idxalı
Rusiyanın ticarətdə payını nəzərdən keçirdikdə, görünür ki, Rusiyanın Ermənistanın ixracında payı son iki ildə əsaslı şəkildə artdığı halda, Azərbaycan və Gürcüstanın ixracında payı azalmağa meylli olmuşdur. Cənubi Qafqaz ölkələri arasında iqtisadiyyatının bir neçə dəfə böyük olmasına baxmayaraq Azərbaycan ixracda Rusiyanın payı ən az olan ölkə olmuşdur (Qrafik 12). Rusiyanın idxalda payına nəzər saldıqda isə Ermənistanda bu göstəricinin son iki ildə 10%-ə qədər azaldığını görürük. Azərbaycan və Gürcüstanın idxalında isə Rusiyanın payı 2022-ci ildə bir neçə faiz artsa da 2023-cü ildə azalmışdır. Ümumilikdə, bu iki ölkənin idxalında Rusiyanın payı çox da dəyişməmişdir. Baxılan dövrdə Rusiyanın idxalda payının ən az dəyişdiyi ölkə Azərbaycan, Rusiyanın idxalda payının ən az olduğu ölkə isə Gürcüstan olmuşdur (Qrafik 13).
Qrafik 12. Rusiyanın Cənubi Qafqaz ölkələrinin ixracında payı
Qrafik 13. Rusiyanın Cənubi Qafqaz ölkələrinin idxalında payı
Cənubi Qafqaz ölkələrinin Rusiya ilə ticarət əlaqələrində artım dinamikası isə onu göstərir ki, 2022-ci ildə Ermənistanın Rusiyaya ixrac, Gürcüstanın isə Rusiyadan idxal tempi əsaslı şəkildə artmışdır (Qrafik 14,15). Bu dövrdə Gürcüstanın Rusiyaya ixracının artım tempində azalma müşahidə edildiyi halda, Ermənistanın Rusiyadan idxal tempində də əsaslı artım müşahidə edilmişdir. Azərbaycana gəldikdə isə baxılan dövrdə Azərbaycanın Rusiyaya ixracında artım tempi 2022-ci ildə azalmış və 2023-cü ildə yenidən artmışdır. Rusiyadan idxalın artım tempində isə 2022-ci ildə artım, 2023-cü ildə isə azalma müşahidə edilmişdir. İstər ixrac, istərsə də idxal üzrə Azərbaycanın Rusiya ilə ticarət əlaqələrində artım dinamikası digər iki ölkədə olduğu qədər kəskin dəyişməmişdir.
Qrafik 14. Cənubi Qafqaz ölkələrindən Rusiyaya ixracda artım
Qrafik 15. Rusiyadan Cənubi Qafqaz ölkələrinə idxalda artım
Ümumilikdə görünən mənzərə ondan ibarətdir ki, Cənubi Qafqazda son illərdə Rusiya ilə ticarət əlaqələrində ən çox dəyişiklik müşahidə edilən ölkə Ermənistan olmuşdur. İstər Ermənistanın Rusiyaya ixrac həcmlərində, istərsə də idxal həcmlərində əsaslı artım müşahidə edilmiş və Ermənistanın əsas ticarət tərəfdaşı kimi ticarət əlaqələrində mövqeyi daha da möhkəmlənmişdir. Gürcüstanda isə Rusiyadan idxal həcmləri daha çox artmışdır. Azərbaycanın Rusiya ticarət əlaqələrində isə əsaslı dəyişiklik baş verməmiş və sabit artım tempi müşahidə edilmişdir. Ermənistandan fərqli olaraq Rusiyanın Azərbaycan və Gürcüstanın xarici ticarət əlaqələrində payı əsaslı şəkildə dəyişməmişdir. Bunlar isə onu deməyə əsas verir ki, Cənubi Qafqaz ölkələri arasında Rusiya ilə ticarət əlaqələri baxımından ən çox yaxınlaşan ölkə Ermənistan, daha sonra Gürcüstan olmuşdur.