Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) baş elmi işçisi Orxan Bağırovun “Rusiyanın sanksiyalardan yayınmasında Ermənistanın rolu” adlı məqaləsi Ceymstaun Fondunun nəzdnində nəşr olunan Avrasiya Günlük Monitor (Eurasia Daily Monitor) online jurnalı tərəfindən çap edilmişdir.
Məqalədə ilk olaraq diqqət 2022 və 2023-cü illərdə sanksiyalara məruz qalmış və Ermənistanda qeydiyyatda olan şirkətlərə yönəldilir və qeyd edilir ki, çox az sayda Erməni şirkəti sanksiyalara məruz qalsa da Rusiyanın sansksiyalardan yayınmasında Ermənistanın rolu daha böyük miqyasa malikdir. Bunu deməyə Ermənistanın ümumi ticarət göstəricilərində, xüsusilə də Rusiya ilə ticarət əlaqələrində Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra müşahidə edilən qeyri-adi dinamika əsas verir.
Eyni zamanda, Ermənistanın ümumi idxalının və Rusiyaya ixracının məhsul baxımından strukturu da onun sanksiyalara məruz qalmış məhsulların Rusiyaya yendiən ixracında iştirak etdiyini deməyə əsas verir. Belə ki, nəzərdən keçirilən dövrdə snaksiyalara məruz qalmış və Rusiya üçün müharibədə vacib olan elektronika, texniki avadanlıqlar, nəqliyyat vasitələri kimi məhsulların Ermənistana idxalı və Ermənistandan Rusiyaya ixracı kəskin şəkildə artmışdır. Həm də bu məhsullar heç vaxt Ermənistanın ixrac etdiyi əsas məhsullar olmamışdır.
Digər tərəfdən Ermənistanın sənaye, o cümlədən emal sənayesi, kənd təsərrüfatı kimi əsas iqtisadi sahələrondə 2022-ci ildə qeydə alınmış məhsul istehsalının həcmi onu deməyə əsas verir ki, bu istehsal həcmi ilə Rusiyaya ixracı kəskin artırmaq mümkün deyildir.
Bundan başqa, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Ermənistanın böyük iqtisadi böhranla qarşılaşacağı gözlənilirdi. Hətta müxtəlif beynəlxalq iqtisadi təşkilatlar və Ermənistanın Mərkəzi Bankı da iqtisadi artım proqnozlarını kəskin azaltmışdı. Lakin, 2022-ci ildə buna əks proses müşahidə edildi və Ermənistanda böyük iqtisadi artım, o cümlədən xarici ticarət dövriyyəsində əsaslı artım qeydə alındı.
Gözlənilənlərin əksinə olaraq, Ermənistanın xarici ticarət dövriyyəsinin heç bir ciddi iqtisadi əsas olmadan nəzərəçarpacaq dərəcədə artması, xüsusən də Rusiyaya ixracın əsaslı artımı, eləcə də ticarət edilən əsas məhsullar bu dinamikanın süni xarakter daşıdığını düşünməyə əsas verir.
Eyni zamanda, ABŞ Sənaye və Təhlükəsizlik Bürosunun məlumatına görə, Ermənistan 2022-ci ildə ABŞ və Avropa İttifaqından mikroçip və prosessor idxalını əsaslı şəkildə artırmış və həmin məhsulların böyük hissəsini Rusiyaya ixrac etmişdir. Bu fakt onu göstərir ki, Ermənistan bu məhsulları yerli istifadə üçün deyil, Rusiyaya ixrac etmək üçün idxal etmişdir.
Ermənistanın Kremlə sanksiyalardan yayınmaqda yardımçı olduğuna dair əsaslı şübhələr yaradan faktların olmasına baxmayaraq, İrəvana qarşı çox az siyasi təzyiq göstərilib və bununla bağlı hərtərəfli araşdırmaya başlanılmayıb.
Daha ətraflı: https://jamestown.org/program/armenias-role-in-helping-russia-circumvent-sanctions/