Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin baş elmi işçisi Orxan Bağırovun “Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu” adlı məqaləsi Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutu (KIEP) tərəfindən Koreya və İngilis dillərində çap edilmişdir. Məqalədə əsas diqqət Rusiya-Ukraniya müharibəsi fonunda qlobal enerji bazarında baş verən proseslərin yaratdığı yeni şəraitdə Azərbaycanın Avropanın enerji bazarında mövqeyinin güclənməsinə, bu istiqamətdə əldə edilmiş razılıqlara və imzalanmış müqavilələrə yönəldilmişdir.
Məqalənin 1-ci hissəsi Avropa enerji bazarında son dövrlərdə baş verən dəyişikliklərə həsr edilmişdir. Bu hissədə Avropanın enerji bazarında Rusiyanın oynadığı rol və onun mövqeyinin zəifləməsi və eyni zamanda bu prosesdə enerji sektorunda Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların rolu diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, sanksiyaların tətbiqi nəticəsində 2022-ci ildə Rusiyanın Avropa İttifaqının (Aİ) qaz idxalında payı 51.3%-dən 12.9%-ə qədər azalmışdır və hazırda Rusiya qaz və neftin ixracının azalması səbəbindən gündə 175 milyon dollar itirir.
Məqalənin 2-ci hissəsi Azərbaycanın Avropa qaz bazarında artan rolu haqqındadır. Bu hissədə qeyd edilir ki, Rusiyadan enerji sahəsində olan asılılığı artırmaq üçün Avropa ölkələri alternativ mənbələr axtarmağa başladılar. Buna görə də Aİ qaz ixracının artırılması məqsədilə Azərbaycanla danışıqlara başladı və nəticədə 2022-ci il iyulun 22-də Avropa Komissiyası və Azərbaycan Prezidentləri Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu (MOU) imzaladılar. Memorandumda 2027-ci ilə qədər Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə Aİ-yə ixrac olunan təbii qazın həcminin iki dəfə artırılaraq 20 mlrd kubmetrə çatdırılması nəzərdə tutulub.
2-ci hissə də o da diqqətə çatdırılıb ki, 2022-ci ildə Azərbaycanın təbii qaz ixracı əvvəlki illə 3 mlrd kubmetrdən çox artaraq 22,6 mlrd kubmetrə çatıb və 2023-cü ildə 24,5 mlrd kubmetrə çatacaqdır. Aİ-ə görə, 2022-ci ildə Azərbaycandan qaz tədarükü 40%-dən çox artaraq 11,4 mlrd kubmetrə çatdığından, CQD Aİ üçün kəmər ilə qaz təchizatının həlledici mənbəyinə çevrilib.
Məqalədə o da qeyd edilir ki, Bolqarıstan Yunanıstanla onu TAP-a birləşdirən interkonnektoru tamamlayıb və ildə 1 mlrd kubmetr Azərbaycan qazını idxal edir. Serbiya isə Azərbaycan qazına çıxış əldə etmək üçün Bolqarıstanla boru kəməri tikir. Həmçinin, 2022-ci ildə Rumıniya Azərbaycan ilə müqavilə imzalayıb və 2023-cü ilin yanvarından Azərbaycan qazını almağa başlayıb. Ümumiyyətlə, Azərbaycanın təbii qaz ehtiyatları ən azı 100 il ərzində daxili tələbatı və tərəfdaşlarının ehtiyaclarını ödəmək üçün kifayətdir.
Məqalənin 3-cü hissəsində qeyd edilir ki, Azərbaycan yaşıl enerji sektorunda da əməkdaşlığı genişləndirmək üçün Aİ-yə elektrik enerjisi ixracı layihələri üzərində də işləyir. Bu məqsədlə, 2022-ci il dekabrın 17-də Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstanla Qara dənizin dibi ilə Azərbaycandan Avropaya yaşıl enerji daşıyacaq elektrik kabelinin çəkilməsi haqqında saziş imzalayıb. Bu kabel Aİ üçün Rusiya enerjisindən asılılığı azaltmağa kömək edəcək yeni enerji mənbəyinə çevriləcəkdir. Layihənin texniki-iqtisadi əsaslandırması 2023-cü ilin sonunda başa çatacaq və sonra kabelin çəkilməsi 3-4 il çəkəcəkdir.
Daha sonra diqqətə çatdırılır ki, Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında memorandumda yaşıl enerji sektorunda əməkdaşlığa dair müddəalar var. Ümumilikdə, Azərbaycanın quruda külək və günəş enerjisi ehtiyatları 27 giqavatdan çoxdur və 2027-ci ilədək 3 giqavat külək və 1 giqavat günəş enerjisi istehsal etməyi planlaşdırır ki, bunun da 80%-i ixrac olunacaqdır.
Sonda isə qeyd edilir ki, məqalədə diqqətə çatdırılan sazişlər və proseslər onu göstərir ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu artır və yaxın onillikdə Azərbaycan Avropanın əsas təbii qaz və yaşıl enerji təminatçılarından birinə çevriləcəkdir.