Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra bir çox ekspertlər, o cümlədən erməni iqtisadçılar Rusiya iqtisadiyyatı ilə sıx bağlı olduğu üçün Ermənistanın böyük iqtisadi problemlərlə qarşılaşacağını gözləyirdilər. Lakin, sonrakı proseslər bunun əksini göstərdi və 2022-ci ildə Ermənistanda böyük iqtisadi artım qeydə alındı. Aydındır ki, Rusiyanın böhran yaşadığı dövrdə ondan iqtisadi baxımdan asılı olan bir ölkənin iqtisadiyyatının sürətli artımı təbii şəkildə baş verə bilməzdi. Bu isə onu göstərir ki, Ermənistanda 2022-ci ildə müşahidə edilən iqtisadi aktivlik daha çox süni xarakterə malikdir. Bu süni aktivliyin yaranmasına Rusiya ilə əlaqəli müxtəlif proseslər təsir etmişdir. Bu proseslər içərisində ən nəzərə çarpanı isə Ermənistanın sanksiyalardan yayınaraq Rusiya ilə iqtisadi əlaqələri davam etdirməyə çalışan ölkələrə yardım etməsidir, hansı ki, həm də Rusiyaya sanksiyaların təsirini azaldır. Bunu sübut edən faktorları nəzərdən keçirək.
Xarici ticarət
Ermənistanın Statistika Komitəsinin məlumatlarına əsasən 2022-ci ildə Ermənistanın xarici ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 69% artaraq 14.1 milyard ABŞ dollarına (bundan sonra dollar) çatmışdır. Baxılan dövrdə Ermənistandan ixracı isə 78% artaraq 5.3 milyard dollara, idxal isə 63.5% artaraq 8.7 milyard dollara çatmışdır. Bundan əvvəl, 2021-ci ildə pandemiya ilə əlaqəli böhranın yaşandığı 2020-ci il ilə müqayisədə xarici ticarət dövriyyəsi cəmi 17.7% artaraq 8.38 milyard dollara çatmışdı. Ona görə də heç bir ciddi iqtisadi əsas olmadan Ermənistanda ticarət dövriyyəsinin kəskin artması və Rusiya-Ukrayna müahribəsinin baş verdiyi dövrlə üst-üstə düşməsi şübhə yaradır. Halbuki, müharibə Rusiyada iqtisadi inkişafı zəiflətdiyindən və Ermənistan iqtisadiyyatı da Rusiyadan çox asılı olduğundan Ermənistanın müxtəlif iqtisadi göstəricilərində, o cümlədən xarici ticarətində ciddi azalmalar müşahidə edilməli idi.
Ermənistanın əsas ticarət tərəfdaşı olan Rusiya ilə ticarət dövriyyəsi isə 2022-ci ildə 92%-ə qədər artaraq 5 milyard dolları ötmüşdür. Bu dövrdə Rusiyaya ixrac 2.4 dəfə artaraq 2.4 milyard dollara, idxal isə 40%-dən çox artaraq 2.63 milyard dollara bərabər olmuşdur. Bunun nəticəsində Rusiyanın Ermənistanın ixracında payı 2022-ci ildə əvvəlki il ilə müqayisədə 23.5%-dən 45%-ə qədər artmışdır. Rusiyada yaşanan iqtisadi böhran səbəbindən müxtəlif məhsullara olan tələbatın azalmasına görə Ermənistandan Rusiyaya ixracın azalacağı, Rusiyada istehsal imkanları zəiflədiyinə görə isə Rusiyadan Ermənistana ixracın azalması gözlənilirdi. Lakin, buna əks prosesin getdiyinin şahidi olduq. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya-Ermənistan ticarət əlaqələrində müşahidə edilən kəskin artım iki ölkə arasında iqtisadi əlaqələrin inkişafının nəticəsi deyil, daha çox süni xarakterə malikdir. Bu da sözsüz ki, sanksiyalardan yayınmaq məqsədilə Ermənistanın Rusiyaya ixrac üçün vasitəçi ölkə kimi istifadə edilməsi ilə bağlı şübhələrin yaranmasına əsas verir.
Ermənistandan Rusiyaya ixracın daha kəskin artması onu deməyə əsas verir ki, Ermənistan Rusiyaya daha çox xarici ölkələrdən məhsul idxal etməyə kömək edir. Bunu əsaslandırmaq üçün 2022-ci ildə Ermənistana ixracı kəskin artmış ölkələri nəzərdən keçirək. 2022-ci ildə Vietnamdan Ermənistana ixrac 380% artaraq 175 milyon dolları ötmüşdür, Meksikadan ixrac 324% artaraq 60.9 milyon dollara, Türkiyədən ixrac 361% artaraq 263.3 milyon dollara, Yaponiyadan ixrac 252% artaraq 195 milyon dollara, Qazaxıstandan ixrac 201% artaraq 23.5 milyon dollara, Hindistandan ixrac 190% artaraq 259.2 milyon dollara, Filippindən ixrac 181% artaraq 9.5 milyon dollara, Taylanddan ixrac 131% artaraq 54.7 milyon dollara, Malayziyadan ixrac 131% artaraq 26.9 milyon dollara, Cənubi Koreyadan ixrac 102% artaraq 94.8 milyon dollara, Özbəkistandan ixrac isə 101% artaraq 23.8 milyon dollara çatmışdır (bax Cədvəl 1).
Qeyd edilən ölkələrdən bir çoxunun yenidənixrac üçün Ermənistandan istifadə etməsi ehtimalı böyükdür. Ona görə ki, bu ölkələrin Rusiya ilə ticarət əlaqələri çox inkişaf etmişdir. Nümunə kimi Türkiyə və Qazaxıstandan Ermənistana ixracın 2022-ci ildə müvafiq olaraq 361% və 201% artmasını misal göstərə bilərik (bax Cədvəl 1). Yaponiya və Cənubi Koreyanın Ermənistana ixracını kəskin artması da Rusiyada çatışmazlığı yaranan çiplərin yenidən ixracı ilə bağlı ola bilər. Çünki bu ölkələr çip istehsalında ixtisaslaşmış ölkələrdir.
Cədvəl 1. Ermənistana ixracı kəskin artıran Qərb blokuna aid olmayan ölkələr (milyon dollar)
Ölkələr |
2021 |
2022 |
artım (faizlə) |
Tanzaniya |
0,2 |
1,1 |
545% |
Vietnam |
36,7 |
175,8 |
380% |
Meksika |
14,4 |
60,9 |
324% |
Kenya |
0,1 |
0,5 |
294% |
Türkiyə |
73,0 |
263,3 |
261% |
Yaponiya |
55,5 |
195,3 |
252% |
İordaniya |
0,8 |
2,5 |
219% |
Qazaxıstan |
7,8 |
23,5 |
201% |
Çili |
2,6 |
7,7 |
196% |
Hindistan |
89,4 |
259,2 |
190% |
Filippin |
3,4 |
9,5 |
181% |
Nigeriya |
0,7 |
1,7 |
147% |
Tayland |
23,7 |
54,7 |
131% |
Malayziya |
11,7 |
27,0 |
131% |
Cənubi Koreya |
47,0 |
94,8 |
102% |
Özbəkistan |
11,8 |
23,8 |
101% |
Mənbə: Ermənistan Respublikasının Statsitika Komitəsi
Bundan başqa, Vietnamın Rusiya ilə istər siyasi, istərsə də iqtisadi əlaqələri yaxşı inkişaf etmişdir. Ona görə də 2022-ci ildə Vietnamdan Ermənistana ixracın 5 dəfəyə qədər artması (bax Cədvəl 1) Vietnamın Ermənistan vasitəsilə Rusiyaya məhsul ixrac etməsi ehtimallarının böyük olduğunu göstərir. Onu da nəzərə almaq lazımdır ki, Vietnamın Rusiyaya ixracında elektronika məhsulları böyük yer tutur, ola bilər ki, hazırda sanskiyalardan yayınmaq üçün bu məhsullar Rusiyaya məhz Ermənistan vasitəsilə ixrac edilir.
Meksika ilə Rusiya arasında da ticarət əlaqələri yüksək səviyyədə inkişaf etmişdir. Meksikadan Rusiyaya əsasən avtomobillər və avtomobil hissələri ixrac edilir. Ona görə də 2022-ci ildə Meksikanın Ermənistana ixracını 4 dəfə artırması (bax Cədvəl 1) bu məhsulların böyük hissəsinin Ermənsitandan Rusiyaya yenidən ixrac edilməsi ehtimalının böyük olduğunu deməyə əsas verir.
Sanksiyalardan qaçmaq baxımından Qərb bloku ölkələrinin Ermənistana ixracının necə dəyişməsi daha əhəmiyyətlidir. Statistik rəqəmlər göstərir ki, Qərb blokuna aid olan əsas dövlətlərin 2022-ci ildə Ermənistana ixracı artmışdır. Ümumilikdə, 2022-ci ildə Avropa İttifaqından Ermənistana ixrac əvvəlki il ilə müqayisədə 70%-dən çox artaraq 1.3 milyard dollara çatmışdır. Bir sıra Qərb blokuna aid ölkələrdə isə bu artım çox böyük olmuşdur. Məsələn, 2022-ci ildə Serbiyadan Ermənistana ixrac 482% və ya 6 dəfəyə qədər artaraq 12.4 milyon dollara çatmışdır (bax Cədvəl2). Onu da nəzərə alsaq ki, Serbiya Rusiyanın strateji tərəfdaşıdır o zaman bu artımın sanksiyalardan qaçmaqla bağlı olduğunu ehtimal edə bilərik. Eyni zamanda, bu dövrdə Yunanıstandan Ermənistana ixrac 273% artaraq 80.2 milyon dollara, Britaniyadan ixrac 132% artaraq 79.7 milyon dollara, İspaniyadan ixrac 121% artaraq 85.5 milyon dollara, Kanadadan ixrac 108% artaraq 42.8 milyon dollara çatmışdır. Baxılan dövrdə İsveç, Çex Respublikası, Avstriya kimi ölkələrdən Ermənistana ixrac isə 2 dəfəyə qədər, İsveçrədən ixrac 78%, Polşadan ixrac 69%, Macarıstandan ixrac isə 61% artmışdır.
Cədvəl 2. Ermənistana ixracı kəskin artıran Qərb bloku ölkələri (milyon dollar)
Ölkələr |
2021 |
2022 |
artım (faizlə) |
Serbiya |
2,1 |
12,4 |
482% |
Lixtenşteyn |
0,2 |
0,9 |
320% |
Malta |
0,1 |
0,3 |
319% |
Yunanıstan |
21,5 |
80,2 |
273% |
ABŞ |
125,6 |
386,5 |
208% |
Britaniya |
34,3 |
79,7 |
132% |
İspaniya |
38,7 |
85,5 |
121% |
Kanada |
20,6 |
42,8 |
108% |
İsveç |
15,4 |
31,4 |
103% |
Almaniya |
212,3 |
505,0 |
138% |
Çex Respublikası |
18,5 |
36,6 |
97% |
Avstriya |
23,1 |
44,1 |
91% |
İsveçrə |
25,7 |
45,7 |
78% |
Polşa |
45,4 |
76,5 |
69% |
Portuqaliya |
7,6 |
12,5 |
65% |
Macarıstan |
15,7 |
25,3 |
61% |
Slovakiya |
10,0 |
15,2 |
52% |
Rumıniya |
19,1 |
29,0 |
52% |
Niderland |
37,4 |
54,3 |
45% |
Slaveniya |
10,5 |
15,1 |
43% |
Fransa |
83,8 |
112,6 |
34% |
Mənbə: Ermənistan Respublikasının Statsitika Komitəsi
İxracın kəskin artaraq böyük məbləğlərə çatdığı ölkələrə isə ABŞ və Almaniya aiddir. Belə ki, 2022-ci ildə ABŞ-dan Ermənistana ixrac 3 dəfədən çox artaraq 386.5 milyon dollara, Almaniyadan ixracı isə 3 dəfəyə qədər artaraq 505 milyon dollara çatmışdır (bax cədvəl 2). Onu da nəzərə alsaq ki, 2022-ci ildə Almaniyadan Rusiyaya ixrac 45% azalmışdır o zaman azalmış ixrac həcmlərinin Ermənistandan ixrac vasitəsilə kompensasiya edildiyini deyə bilərik. Almaniya Rusiyaya əsasən elektronika, maşın və avadanlıqlar ixrac edir. Eyni zamanda 2022-ci ildə ABŞ-dan Rusiyaya ixracın da həcmində böyük azalmalar müşahidə edilmişdir. Əgər fevral ayında ABŞ-dan Rusiyaya ixrac 497.5 milyon dollar həcmində idisə bu göstərici 2023-cü ilin yanvarında 44.6 milyon dollara qədər (10 dəfədən çox) azalmışdır.
Göründüyü kimi nəzərdən keçirdiyimiz və Rusiya ilə sıx iqtisadi əlaqələrə malik olan ölkələrin çoxunun Ermənistana ixracı anormal şəkildə artmışdır. Bir çox ölkələrdən ixracın dəfələrlə artması və bəzi hallarda çox yüksək məbləğlərə çatması onu deməyə əsas verir ki, bu ölkələrin əksəriyyəti Rusiyaya ixracın azalan həcmlərini Ermənitsan vasitəsilə Rusiyaya ixrac etməklə kompensasiya etməyə çalışmışdır. Eyni zamanda, Rusiyanın müttəfiqi olan Belarusa da Ermənistandan ixrac 2022-ci ildə 2.6 dəfə artmışdır. Belarusa qarşı da sanksiyalar tətbiq edilmişdir və ona görə də Belarusa ixracda sanksiyalardan yayınmaq üçün müxtəlif ölkələrin Ermənistandan istifadə etməsi ehtimalları böyükdür.
Ermənistanın Rusiyaya yenidənixracda iştirak etməsini həm də o faktor təsidiqləyir ki, Ermənistan böyük iqtisadiyyata və istehsal imkanlarına malik deyildir. Buna görə də Ermənistanda istehsal səviyyəsinin bir il ərzində Rusiyaya ixracı kəskin artıracaq qədər artması mümkün deyildir. Məsələn, 2022-ci ildə Ermənistanda emal sənayesi istehsalı 13.5%, kənd təsərrüfatı istehsalı 9%, sənaye istehsalı isə 10% artmışdır. Bu artımlar Ermənistandan ümumi ixracın 78%, Rusiyaya ixracın isə 2.4 dəfə artmasına imkan yarada bilməz. Bu isə onu deməyə əsas verir ki, ixracın böyük hissəsi yendinən ixrac şəklində həyata keçirilmişdir.
Ermənistanın 2022-ci ildə xarici ticarətinin məhsul baxımından strukturu da onun Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yayınmaqda vasitəçi olduğunu deməyə imkan verir. Statistik rəqəmlər göstərir ki, idxalda böyük paya sahib olan və əvvəlki il ilə müqayisədə həcmi kəskin artan əsas 7 məhsul qrupu olmuşdur. Belə ki, 2022-ci ildə əvvəlki il ilə müqayisədə elektronika idxalı 2 dəfədən çox, maşın və mexaniki qurğuların idxalı 52%, nəqliyyat vasitətlərinin idxalı 2.7 dəfə, qiymətli metal və daşların idxalı 3 dəfə, dəmir, polad və onlardan hazırlanan məhsulların idxalı 76%, plastik məhsulların idxalı 46%, optik, texniki və tibbi avadanlıqların idxalı isə 42% artmışdır (bax cədvəl 3). Aydındır ki, Ermənistanın daxili bazarında qeyd edilən məhsullara olan tələbat bir ildə bu qədər arta bilməzdi.
Cədvəl 3. 2022-ci ildə Ermənistanın idxalında əsas məhsullar (milyon dollar)
Məhsullar |
Həcmi |
İdxalda payı |
2021-ci il ilə müqayisədə artım |
Mineral məhsullar |
1160 |
13,0% |
48% |
Elektronika |
865 |
10,0% |
2 dəfədən çox |
Maşınlar, mexaniki qurğular |
851 |
9,9% |
52% |
Nəqliyyat vasitələri (qatarlar istisna) |
819 |
9,5% |
2,7 dəfə |
Qiymətli metallar, daşlar |
690 |
8,0% |
3 dəfə |
Dəmir və polad, onlardan məhsullar |
379 |
4,4% |
76% |
Plastik və ondan məhsullar |
234 |
2,7% |
46% |
Optik, texniki, tibbi avadanlıqlar |
183 |
2,1% |
42% |
Alminium |
165 |
1,9% |
38% |
Taxıl bitkiləri |
149 |
1,7% |
2,2 dəfə |
Mənbə: BMT-nin COMTRADE data bazası və CEPII Tədqiqat Mərkəzi
Diqqət çəkən əsas məqam ondan ibarətdir ki, idxalı kəskin artan 7 məhsul növünün 6-sı 2022-ci ildə Ermənistanın Rusiyaya ən çox ixrac etdiyi ilk 10 məhsul sırasına daxildir. Həm də 2021-ci il ilə müqayisədə 2022-ci ildə bu məhsulların Rusiyaya ixracı kəskin artmışdır. Belə ki, Rusiyaya elektronika məhsullarının ixracı 2022-ci ildə 2021-ci ilə müqayisədə 37 dəfə, nəqliyyat vasitələrinin ixracı 30 dəfə, maşın və mexaniki qurğuların ixracı 10 dəfə, qiymətli metal və daşların ixracı 3 dəfə, optik, texniki və tibbi avadanlıqların ixracı isə 5 dəfə artmışdır (bax cədvəl 4). Aydındır ki, Ermənistanda qeyd edilən məhsulların isthesalı birdən birə bu qədər arta bilməz və qeydə alınan artımlar daha çox yenidənixracın həyata keçirilməsinin nəticəsidir. Həm idxalı kəkskin artan, həm də Rusiyaya ixracı kəskin artan məhsulların eyni məhsullar olması birdə sübut edir ki, Ermənistan məhz bu məhsulların Rusiyaya yenidənixracı ilə məşğuldur. Ermənistan bununla Rusiyaya məhsul ixrac etmək istəyən ölkələrə sanksiyalardan yayınmaqda kömək edir və eyni zamanda maliyyə gəlirləri əldə etmiş olur.
Cədvəl 4. 2022-ci ildə Ermənistandan Rusiyaya ixrac edilən məhsullar (milyon dollar)
Məhsullar |
Həcmi |
İxracda payı |
2021-ci il ilə müqayisədə artım |
Elektronika |
462 |
19,5% |
37 dəfə |
Nəqliyyat vasitələri (qatarlar istisna) |
291 |
12,3% |
30 dəfə |
Maşınlar, mexaniki qurğular |
158 |
6,7% |
10 dəfə |
Qiymətli metallar, daşlar |
204 |
8,6% |
3 dəfə |
Optik, texniki, tibbi avadanlıqlar |
92 |
3,9% |
5 dəfə |
Dəmir və polad, onlardan məhsullar |
59 |
2,5% |
4 dəfə |
Plastik və ondan məhsullar |
26 |
1,1% |
5 dəfə |
Mənbə: BMT-nin COMTRADE data bazası və CEPII Tədqiqat Mərkəzi
Pul köçürmələri
Ermənistanın digər ölkələrə sanksiyalardan yayınmaqda kömək etməsini göstərən digər məqam Rusiyadan Ermənistana köçürülən pul vəsaitlərinin kəskin şəkildə artmasıdır. Rusiyaya məhsul ixrac etmək istəyən, lakin sanksiyalardan yayınmaq istəyən ölkələr bu ticarət əməliyyatları üçün ödənişləri Ermənistan vasitəsilə həyata keçirirlər. Ermənistana pul köçürmələrinin Rusiyada yaşanan iqtisadi böhran səbəbindən azalması gözlənilsə də 2022-ci ildə bunun tam əksi baş vermişdir. Bu isə bu artımın süni olduğunu və yenidən ixrac nəticəsində formalaşdığını deməyə əsas verir.
2022-ci ildə Ermənistana köçürülən pul vəsaitlərinin həcmi rekord həddə 5.2 milyard dollara çatmışdır. Bu 2021-ci il ilə müqayisədə 2.5 dəfə çoxdur. Bu dövrdə Rusiyadan köçürmələr də 4 dəfə artaraq rekord həddə, 3.6 milyard dollara çatmışdır. Ona görə 2022-ci ildə Ermənistana daxil olan pul köçürmələrinin artmasında Rusiyadan köçürülən vəsaitlərin rolu daha böyük olmuşdur. Bunun nəticəsidir ki, Rusiyadan köçürülmüş vəsaitlərin ümumi köçürmələrdə payı 69%-ə çatmışdır. Halbuki 2021-ci ildə bu göstərici 41% idi.
Ermənistan Mərkəzi Bankının (EMB) bəyanatında da qeyd edilir ki, son aylarda məhsul və xidmətlərin ixrac və idxalı ilə bağlı olan kommersiya xarakterli pul axınında böyük artımlar qeydə alınmışdır. Bu da onu göstərir ki, Ermənistana daxil olan pul köçürmələrinin kəskin artması daha çox ixrac və idxal əməliyyatlarının artması ilə bağlıdır.
Sanskiyaya məruz qalmış erməni şirkətləri
Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra bəzi erməni şirkətləri sanksiyalara məruz qalmışdır. Ermənistanın təchizatçı şirkəti olan “Taco LLC”-ə 2022-ci ilin sentyabrında ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiyalar tətbiq edilmişdir. Bu şirkətə qarşı sanksiyaların tətbiq edilməsinin səbəbi Rusiya hərbi sənayesi üçün müxtəlif məhsulların təchizatı ilə məşğul olmasıdır. Bundan başqa, Rusiyanın Qazprom şirkətinin Ermənistandakı törəməsi olan “Arekzimbank-Qazprombank” Rusiyadan qazın rublla alınması ilə bağlı köçürmə əməliyyatlarını həyata keçirdiyi üçün sanksiyalara məruz qalmışdır. Eyni zamanda, Rusiyanın VTB Bankının Ermənistandakı törəməsi olan “VTB Bank Ermənistan” da Rusiya banklarına müxtəlif xidmətlər göstərməsi və pul köçürmələrini davam etdirməsi səbəbindən sanksiyalara məruz qalmışdır.
Qeyd edilən şirkət və banklara qarşı sanksiyaların tətbiqi Qərbin Ermənistanı kifayət qədər cəzalandırması anlamına gəlmir. Ona görə ki, Ermənistanın yenidənixrac əməliyyatlarında aktiv şəkildə iştirak edərək müxtəlif ölkələrin şirkətlərinə sanksiyalardan yayınmaqda kömək edir və bu əməliyyatlarda iştirak edən çox sayda erməni şirkətlərinin əksəriyyətinə heç bir sanskiya tətbiq edilmir. Sanksiyalara məruz qalmış şirkətlər isə Rusiya ilə sıx bağlı olan və ya Rusiyanın Ermənistandakı törəmə təşkilatlarıdır.
Digər diqqət çəkən məqam odur ki, sanksiyalardan yayınmaq üçün ticarət əməliyyatlarında Ermənistanın nəqliyyat şirkətlərinin aktiv iştirakı gözlənilsə də 2022-ci ildə nəqliyyat şirkətləri böyük vergi ödəyiciləri olmamışdır. Görünür bu əməliyyatlara Rus şirkətləri birbaşa cəlb edilir və ya erməni nəqliyyat şirkətlərinin vergi ödənişləri gizli saxlanılır.
Qərbin münasibəti
Rusiyaya qarşı sanksiyalar tətbiq edildikdən sonra bir çox mütəxəssislər qeyd edirdilər ki, sanksiyalar effektiv olmayacaqdır. Ona görə ki, Rusiya Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olan Ermənistan kimi ölkələrdən istədiyi məhsulları maneəsiz idxal edə biləcəkdir. Ona görə də bu ölkələrə də sanksiyalar tətbiq edilməlidir. Ermənistanın timsalında hazırda biz bu prosesin şahidi oluruq. Bu məsələdə Ermənistanın mövqeyini gücləndirən əsas məqam isə onun həm AİB in üzvü olan, həm də Avropa İttifaqı ilə Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi (CEPA) imzalamış yeganə ölkə olmasıdır. Bu üstünlük Ermənistana imkan verir ki, Avropa məhsullarının Rusiyaya yenidənixracını və əks istiqamətdə ticarəti təşkil etsin.
Eyni zamanda, uzun illərdir Ermənistan İrana da sanksiyalardan yayınmağa kömək edir və artıq bu istiqamətdə təcrübəyə malikdir. Xüsusilə də Ermənistanın özünün bank sistemi vasitəsilə İrana sanksiyalardan yayınmaq üçün pul köçürmələrini həyata keçirməyə, beynəlxalq maliyyə sistemlərinə çıxış əldə etməyə və çirkli pulları yumağa kömək edir. Bundan başqa, Ermənistan İranla AİB arasında körpü rolunu oynayaraq münasibətlərin inkişafını təbliğ edir. Ona həm AİB üzvü olması, həm də İranla sərhədə malik olması əsaslı üstünlük yaradır. İran isə öz növbəsində sanksiyalar ilə əlaqədar qarşılaşdığı iqtisadi itkiləri AİB-lə əlaqələr hesabına kompensasiya etməyə çalışır. Ona görə də 2018-ci ildə İran AİB-lə müvəqqəti Azad Ticarət Sazişi imzalamışdır və onun müddəti bir il sonra 2025-ci ilə qədər uzadılmışdır. 2022-ci ilin əvvəlində isə İran və AİB arasında azad ticarət zonasının yaradılması ilə bağlı müqavilə imzalanmışdır. Faktiki olaraq İranın AİB-ə çıxışına imkan yaratmaqla və burada körpü rolunu oynamaqla Ermənistan açıq şəkildə sanksiyaların İrana təsirinin azalmasına kömək edir. Buna baxmayaraq, ABŞ və digər Qərb dövlətləri neçə illərdir buna göz yumur. Hazırda isə Qərb eyni yanaşmanı Ermənistanın Rusiyaya sanksiyalardan yayınmağa kömək etməsinə tətbiq edir.
Ermənistanın istər İranla bağlı, istərsə də Rusiya ilə bağlı sanksiyalardan yayınmaqda vasitəçi rolunu oynamasına aid kifayət qədər dəlillər olsa da sanksiyaları tətbiq edən və əsas dəstəkçiləri olan Qərb bloku ölkələri bununla bağlı Ermənistana qarşı hər hansı ciddi bir addım atmır və ya bu məsələ ilə bağlı Ermənistana qarşı hər hansı bir ciddi bəyanat vermir. Əksinə onlar bu məsələni çox şişirtmədən Ermənistana qazanc əldə etməyə, İran və Rusiyaya sanksiyaların təsirini azaltmağa, digər ölkələrə isə sanksiyalardan yayınmağa imkan yaradır.