Xəbərlər

Ana səhifə / Xəbərlər

CQTM-nin direktor müavini Fuad Çıraqovun Ermənistanın sentyabrın 12-13-də Kəlbəcər və Laçın istiqamətində son təxribatları və Azərbaycanın “Qətiyyətli cavab” əməliyyatı haqqında məqaləsi ABŞ-ın Ceymstaun Fondunun nəzdində nəşr olunan Avrasiya Günlük Monitor (Eurasia Daily Monitor) onlayn jurnalında dərc edilmişdir.

image
  • 06.10.2022

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini Fuad Çıraqovun Ermənistanın sentyabrın 12-13-də Kəlbəcər və Laçın istiqamətində son təxribatları və Azərbaycanın “Qətiyyətli cavab” əməliyyatı haqqında məqaləsi ABŞ-ın Ceymstaun Fondunun nəzdində nəşr olunan Avrasiya Günlük Monitor (Eurasia Daily Monitor) onlayn jurnalında dərc edilmişdir. Məqalədə göstərilir ki, Laçın və Kəlbəcər istiqamətində sərhəd hissələrində ən azı potensial olaraq təxribatlar üçün istifadə oluna bilən Ermənistanın bütün hərbi infrastrukturu ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahlarla darmadağın edilib və onun bərpası üçün illər lazım olacaq.

Məqalədə göstərilir ki, 30 illik münaqişə tarixində ilk dəfə olaraq Azərbaycan beynəlxalq hüquqla tanınan öz əraziləri daxilində deyil, Ermənistan ərazisində olan hərbi obyektləri hədəf almışdır. Bu əməliyyat nəticəsində Ermənistan tərəfindən tanınmamış, delimitasiya və demarkasiya edilməmiş sərhəd boyu bir neçə istiqamətdə Azərbaycan ordusu irəliləmiş və mühüm strateji yüksəklikləri nəzarətə götürmüşdür.

Müəllif göstərir ki, bu əməliyyat ABŞ, İran və Fransanın sərt reaksiyasına səbəb olmuşdur. Oxucuların diqqətinə avqustun 27-də  Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdirinin Azərbaycanın müharibə dövründə Xankəndiyə girməyə çox yaxın olduğunu, lakin, mülki əhali arasında itkilərə yol verməmək üçün bu addımı atmadığı haqqında açıqlamasını çatdırır. Yəni, Azərbaycanın ötən müddət ərzində hərbi əməliyyatlarını nəinki öz sərhədləri çərçivəsində, həmçinin Qarabağda da tarixən Azərbaycanlıların çoxluq təşkil etdiyi ərazilər çərçivəsində məhdudlaşdırdığını vurğulayır.

Başqa sözlə, Azərbaycan Ermənistandan fərqli olaraq istər xarici siyasətində, istərsə də apardığı hərbi əməliyyatlarda daim ehtiyatlı olduğu və beynəlxalq hüquq norma və prinsiplərə hörmət etdiyi vurğulanır. Digər tərəfdən avqustun 31-də sonuncu Brüssel görüşündə hər hansı fundamental nəticə əldə edilməsə də Azərbaycanın həbsdə olan 5 erməni hərbçisini azad etdiyini və eskalasiya dövründə ABŞ Dövlət Departamentinin nümayəndəsinin regionda səfərdə olduğunu da diqqətə çatdırır.

Müəllif oxuculara yuxarıda göstərilən məqamları xatırladaraq nə üçün Azərbaycanın Ermənistanın təxribatına bu dəfə sərt cavab verdiyini sual edir. Müəllif cavab olaraq son təxribatların məhz Ermənistan tərəfindən həyata keçirilməsi ilə bağlı tutarlı faktları diqqətə çatdırır. Daha sonra Kəlbəcər ətrafında Ermənistanın son zamanlar topladığı hərbi qüvvələri, daimi xarakter alan təxribatları, 1993-cü ildə olduğu kimi bu ərazinin əlverişsiz coğrafi vəziyyətindən istifadə edərək işğalçılıq planları diqqətə çatdırılır. Məqalədə göstərilir ki, Ermənistanın yaşayış infrastrukturunu məhv etməsinə, ərazini kütləvi minalamasına və yaratdığı bu cür təhlükəli şəraitə görə əhalisinin 99,9%-i azərbaycanlı olan Kəlbəcər əhalisi öz doğma evlərinə qayıda bilmir. Məqalədə erməni ekspertlərinin revanşist çağrışları, Azərbaycanın təkcə neft və qaz kəmərlərini deyil, neft infrasturunu və mədənlərini bombalamağı çağırması da diqqətə çatdırılır.