Xəbərlər

Ana səhifə / Xəbərlər

CQTM-nin direktor müavini Fuad Çıraqovun “Ermənistan və Azərbaycan arasında sülh təşəbbüsləri ilə bağlı ABŞ üçün yaranmış dilemma” adlı məqaləsi ABŞ-ın Ceymstaun Fondunun nəzdnində online jurnalda çap edilmişdir.

image
  • 18.08.2022

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini Fuad Çıraqovun ABŞ-da Ceymstaun Fondunun nəzdnində nəşr olunan Avrasiya Günlük Monitor (Eurasia Daily Monitor) online jurnalında ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normalaşdırılması prosesində vasitəçilik səylərinə dair məqaləsi çap edilmişdir. Məqalədə göstərilir ki, ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə siyasəti üç amil əsasında formalaşmaqdadır. Bunlar ABŞ-ın praqmatik və ya geosiyasi maraqları, lobbi qrupları və ideoloji faktorlardır. ABŞ üçün bu amilləri çətin seçimlər adlandıran müəllif göstərir ki, ABŞ administrasiyası hazırda bu amillərdən hansının daha önəmli olması barədə daxilən mübarizə aparmaqdadır. F. Çıraqov göstərir ki, həmin üç seçimdən ikisi ABŞ-ın daxili siyasətinə aiddir. 

Sonra müəllif göstərir ki, 2008-ci ildə Rusiya-Gürcüstan avqust müharibəsindən sonra elan edilən “yenidən başlama” siyasətindən 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsinə qədər olan müddətdə ABŞ-ın regiona, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə siyasəti 2 daxili amil əsasında formalaşırdı. “Yenidən başlama” siyasəti dövründə ABŞ regionda cərayan edən proseslərə, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinə daha çox kənar müşahidəçi kimi baxırdı və Rusiyanın faktiki olaraq məsələdə inhisarına etiraz etmirdi. Bu müddət ərzində Vaşinqtondakı ekspertlər regionun ABŞ maraqları üçün əhəmiyyətli olmadığını və keçmişdə Xəzər hövzəsinin enerji resurslarının əhəmiyyətinin həddindən artıq şişirdildiyini təkrarlayırdılar.

Lakin, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Ermənistan-Azərbaycan münasibətlərinə baxışda Vaşinqtonun əvvəl azalmış geostrateji marağı yenidən artmağa başladı. ABŞ prezidenti təkcə 2022-ci il ərzində Azərbaycana üç məktub ünvanladı. Həmin məktublarda Azərbaycanın enerji resurslarının qlobal enerji təhlükəsizliyində rolu vurğulandı. Eyni zamanda, ABŞ Dövlət katibi və digər yüksək rəsmilərin  münaqişə ilə bağlı mütəmadi telefon zəngləri və səfərləri müşahidə edilməkdədir. 

Məqalədə qeyd edilir ki, Azərbaycan və Ermənistan ABŞ-ın vasitəçilik təşəbbüslərinə məmnunluqla yanaşırlar. Eyni zamanda, ABŞ rəsmilərinin bəyanatlarında bəzi məqamlar Azərbaycanın narazılığına səbəb olur və Vaşinqtonun təşəbbüslərinə ehtiyatla yanaşmağa vadar edir. Bu məqamlardan biri ABŞ rəsmilərinin tez-tez Minsk qrupu ifadəsini bəyanatlarında səsləndirmələridir. Belə ki, Azərbaycanda bunun məhz erməni lobbisinin təzyiqi ilə baş verdiyi düşünülür. Məqalədə Azərbaycan ekspertlərinin demokratların respublikaçılarla müqayisədə daha ermənipərəst mövqedə olduqları düşündükləri amerikalı oxucuların diqqətinə çatdırılır. Həm də Azərbaycanda hazırkı administrasiyanın Ermənistan-Azərbaycan münaqişəsinə münasibətinin keçmiş Tramp administrasiyası ilə müqayisə kontekstindən də dəyərləndirildiyi vurğulanır. Belə ki, hazırkı administrasiya zamanında Dövlət Departamenti tərəfindən Azərbaycan və Ermənistan strategiyaları adlı sənədlər diqqətə çatdırılır. Göstərilir ki, bu sənədlərdə Azərbaycan torpaqlarının işğalı faktı təsbit edilmir. Bundan əlavə, Ermənistanın Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyi kimi təşkilatlara üzvülüyü cəmi bir dəfə vurğulanır. Məqalədə 2018-ci ildə ABŞ-ın Yerevandakı səfiri Riçard Millsin “işğal edilmiş torpaqların ən azı bir hissəsini”  Ermənistanın qaytarmalı olduğunu deməsi və keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşavir C.Boltonun Ermənistanı güzəştlərə çağırması və əvəzində ona N.Paşinyan tərəfindən kobud cavab verilməsi xatırlanır.

Müəllif göstərir ki, Ermənistan və Azərbaycan arasında tezliklə sülhün əldə edilməsi qlobal enerji təhlükəsizliyi və Şərq və Qərbi birləşdirən nəqliyyat və kommunikasiya xəttlərinə olan təhdidlərin aradan qaldırılmasına imkan verə bilər ki, bu da ABŞ-ın milli maraqlarına cavab verəcəkdir.  

Məqaləyə keçid:

https://jamestown.org/program/a-dilemma-for-us-peace-initiatives-between-armenia-and-azerbaijan/